Dünya 15:47 20.07.2022

Putinin İran səfəri: Hansı məsələlərdə anlaşma olub? (ŞƏRH)

İranda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Prezidenti İbrahim Rəisi ilə görüşüb. İkitərəfli görüşdə İranla Rusiya arasında iqtisadi-ticarət, nəqliyyat-tranzit, enerji sahələrindəki əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Görüş zamanı Suriya məsələsi tərəflərin diqqət mərkəzində olub. İran Prezidenti bildirib ki, ölkələr arasında təcrübə və əməkdaşlıq sayəsində indi region daha təhlükəsizdir.

"Əlaqələrimiz və terrorla mübarizədə əməkdaşlığımız sübut etdi ki, biz qarşıya qoyduğumuz məqsədlərə nail ola bilərik. Hesab edirəm ki, bu, regionumuzda təhlükəsizlik səviyyəsinin yüksəldilməsi baxımından çox dəyərli və yaxşı təcrübədir", deyə Rəisi bildirib.

Putin öz növbəsində qeyd edib ki, beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirməklə Suriya böhranının həllinə mühüm töhfə verilə bilər. 

Rusiya lideri həmçinin İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi ilə görüşüb. Ali Rəhbərlə görüşdə regional və qlobal problemlərə   toxunulub. 

Qeyd edək ki, Tehranla Moskva Qərbə qarşı düşmənçilikdə yekdil siyasət yürüdür. İran Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Əksinə, verilən bəzi məlumatlara görə, İran Rusiyanı dronlarla təmin edə bilər. Amma məsələ ondadır ki, enerji məsələsində bu iki ölkənin eyni mövqedə olduğunu söyləyə bilmərik. Bunun nəticəsidir ki, Qərbdə bəziləri indiki şəraitdə İrana qarşı sanksiyaları yumşaldaraq, onun neft və qaz ixracına qoyulan qadağaların ləğvini istəyir. 

Putin və Rəisi görüşü fonunda Tehranla Moskvanın hansı məsələlərdə anlaşdıqlarını söyləmək olar? 

Məsələni Qaynarinfo-ya şərh edən "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan düşünür ki, bu görüşdən daha çox Rusiya qazandı:



"İranın ali lideri Ayətullah Seyidəli Xamnei birmənalı şəkildə Rusiyanı müdafiə etdi. Bəyan etdi ki, guya Ukrayna birinci olaraq hücum edəcəkdi və Rusiya isə bu hücumun qarşısını alıb. Maraqlıdır, Kiyev hücum etsəydi, bunu öz ərazi bütövlüyünü təmin etmək üçün edəcəkdi. Deməli, Xamnei burada böyük siyasi və diplomatik səhv buraxıb. Bu açıqlama ilə əslində İranın dini lideri Kremlin sözçüsü rolunda çıxış edib”. 

Ekspert bildirir ki, Rəisilə Putinin danışığında iki ölkə arasında valyuta mübadiləsi zamanı rus rublu ilə İran rialının işlənməsi məsələsində də razılıq əldə olunub. Habelə, Qərbin sanksiyalarına məruz qalan bu iki ölkə ticarət dövriyyəsini artırmaq qərarına gəliblər:

"Bu da onların düşdükləri vəziyətdən çıxmaq üçün vurnuxduqları anlamına gəlir. Bu fonda da çoxsaylı səhvlərə yol verirlər. İki ölkə prezidentləri Suriyada yardımlar, Astana görüşünün davam etdirilməsi məsələsi ətrafında da danışıblar. Bir sözlə, bu görüşdə elə bir ciddi nəticə hasil olmayıb”. 

Rüfət Sultan