Xəbər lenti

Qadağadan sonra elektron siqaretlərin
Ölkə 12:41 17.02.2026

Qadağadan sonra elektron siqaretlərin "qara bazarı" yarana bilərmi?

Artıq aprel ayının 1-dən elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə yeni qanun layihəsi qüvvəyə minəcək.

İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu qərar elektron siqaretlərin "qara bazarı"nı yarada bilər:
 


"Yeni qərar elektron siqaretlərin satışını azaldacaq, istifadəsini isə sıfıra endirəcək. Çünki bu qədər yüksək cərimələrlə kimlərsə risk etməyəcək. Bəs, bunun "qara bazarı" yarana bilər? Bəli, yarana bilər. Bu elə bir sahədir ki, fikrimcə, risk edib "qara bazarı"nı yaratmağa cəhd edənlər ola bilər. Qeyri-qanuni yollarla gətirib satışını təşkil etmək mümkün edərlər. Hesab edirəm ki, insanların bundan imtina etməsi daha asandır. Ənənəvi tütün məmulatlarına keçid daha rahatdır".

Natiq Cəfərli hesab edir ki, bu sahə ilə məşğul olan biznes strukturlarına böyük ziyan dəyəcək:

"Yaxşı olardı ki, qadağa bir gec tətbiq olunardı. Məsələn, apreldən deyil, heç olmasa ilin sonuna qədər vaxtını uzadardılar ki, sahibkarlar əllərində olan məhsulu sata bilsinlər və yenidən sifarış verməsinlər. Bu sahə ilə məşğul olan nə qədər sahibkar, iş adamı varsa, onların hər birinə ciddi ziyan dəyəcək".

Bahar Rüstəmli

--> -->