Şotlandiyanın "Seltik" klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır. Klubun maraq dairəsinə düşən futbolçulardan biri də "Qarabağ"da çıxış edən kolumbiyalı hücumçu Kamilo Durandır.
Qaynarinfo bu barədə Şotlandiya mediasına istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, "Seltik" kolumbiyalı forvardla ciddi maraqlanır. Son illər hücumçu transferlərində istədiyi nəticəni ala bilməyən şotlandlar bu dəfə Duranın komandanın hücum potensialını artıracağına inanır. Bir müddət əvvəl Kamilonu hədəfə alan şotlandlar daha sonra geri çəkilsə də, indi yenidən fəallaşıb.
Kolumbiyanın Santa Marta şəhərində anadan olan Duran gənc yaşlarında Braziliyanın "Flamenqo" klubunun akademiyasında çıxış edib. Lakin o, əsas komandanın heyətində debüt edə bilməyib.
Daha sonra futbolçu Portuqaliyanın "Luzitaniya", "Eştrela da Amadora" və "Portimonense" klublarında forma geyinib. O, ötən ilin yayında Azərbaycanın "Qarabağ" klubuna transfer olunub.
178 santimetr boya malik olan futbolçu sol ayaqlıdır. O, həm mərkəz hücumçusu, həm də hücumun hər iki cinahında çıxış edə bilir.
Duran ötən mövsüm Azərbaycan Premyer Liqasında 30 oyuna çıxıb və bunların 20-sinə start heyətində başlayıb. Bu müddətdə 9 qol vurub, 5 məhsuldar ötürmə edib.
Duran ən çox diqqəti UEFA Çempionlar Liqasındakı çıxışı ilə cəlb edib. O, turnirdə debüt matçında "Benfika" ilə qarşılaşmada bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə turnir ərzində hesabına 5 qol və 1 məhsuldar ötürmə yazdırıb.
Aydın
Şərhlər