Dünya 18:56 24.06.2022

Qaribaşvili adlar çəkdi, Gürcüstan və Avropa siyasiləri sərt reaksiya verdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentin iclasında ölkənin problemlərində müxtəlif səbəblərə görə təqsirli hesab etdiyi bir sıra gürcü və xarici siyasətçilərin adlarını çəkib.

İlk olaraq, Qaribaşvilinin ittihamları Avropa Komissiyasının indiki mərhələdə Gürcüstana Aİ-yə namizəd statusunun verilməsini tövsiyə etməməsi ilə bağlıdır.

Baş nazirin Gürcüstanın inkişafına mane olan dağıdıcı şəxslər və qüvvələr kimi adlarını çəkdiyi şəxslərin siyahısına ölkənin müxalifət partiya və liderləri, keçmiş hökumət nümayəndləri, LQBT aktivistləri, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili, onun anası Qiuli Alasaniya və dayısı Temuri Alasaniya, Ukrayna Radasında "Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, İsveçin keçmiş Baş naziri və Xarici işlər naziri Karl Bildt və onun arvadı, Avropa Parlamentində ən böyük fraksiyaya malik Avropa Xalq Partiyası və digərləri daxil edilib

Gürcüstanın Baş nazirinin demarşından sonra siyasətçilər və adları siyahıda olan şəxslər səssiz qalmayıblar. Ölkənin prezidenti Salome Zurabişvili Baş nazir İrakli Qaribaşvilini və deputatları tənqid edib.

Dövlət başçısı hesab edib ki, Gürcüstanın Aİ-yə müraciətlə bağlı qərar gözlədiyi günlərdə siyasətçilər ancaq "qarşıdurma, söyüş və bir-birinə qarşı dözümsüzlük” nümayiş etdirə biliblər. Eyni zamanda, Zurabişvili hökuməti "Avropalı tərəfdaşlarına onlarla birlikdə olmaq istədiyini nümayiş etdirmədiyinə” görə qınayıb.

Zurabişvili keçirdiyi brifinqdə deyib: "Bizim pis üzümüzü göstərə biləcək hər şeyi biz göstərdik”.

Prezidentin fikrincə, Qaribaşvilinin çıxışı "məzmununa görə absurd və təhqiredicidir”. O özü bunu "Brüsselə mənfi mesaj” kimi qəbul edir. Prezident hesab edir ki, Qaribaşvili parlament platformasından istifadə etməli və Aİ-ni əmin etməli idi ki, hakimiyyət "tövsiyələri oxuyub, təhlil edib və hər şeyi birlikdə həyata keçirməyə hazırdır”.

"Tərəfdaşların belə mühüm qərar verməsini gözlədiyiniz zaman ən azı iki şey etməlisiniz. Birincisi, xalqın səsini eşitmək (...), ikincisi, birisigün qərar qəbul etməli olan partnyorların sizdən nə gözlədiyini anlamaq”,-  Zurabişvili bildirib.

Onun fikrincə, siyasətçilərdən fərqli olaraq, gürcü cəmiyyəti "təmkin, nəzakət, bir-birinə hörmət” nümayiş etdirə bilib.

Avropa Parlamentinin deputatı Maykl Qaller Gürcüstandan gələn ittihamlara cavab olaraq bildirib ki, gürcü xalqı başa düşür ki, ölkə nə üçün Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı tövsiyə ala bilmədi.

Qaller Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Ukrayna hakimiyyətinin, Gürcüstan müxalifətinin və Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının (AXP) nümayəndələrinin qərarın qəbuluna mane olduqlarına dair bəyanatına belə cavab verib

"Mən əminəm ki, gürcü xalqı, Gürcüstan hökumətinin qarşısında duran vəzifələrin düzgün və ədalətli həlli üçün Avropa Komissiyasının seçim etməli olduğu ifadələrinə görə kimi günahlandıracağını daha yaxşı bilir”, - Qaller öz Twitterində yazıb.

"Bu oğlanı heç nə xilas edə bilməz, mən Gürcüstanın baş nazirini nəzərdə tuturam. O, parlamentdə çıxışı zamanı arvadımı Gürcüstandan milyonlarla dollar oğurlamaqda ittiham edəndə onun relsdən çıxdığını göstərir. Bu, çox yaxşı bir ölkə üçün faciədir”.

İsveçin keçmiş hökumət başçısı və xarici işlər naziri Bildt öz Twitter səhifəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin çərşənbə günü parlamentdə çıxışı zamanı səsləndirdiyi bəyanata cavab verib. Qaribaşvili "Vahid Milli Hərəkat”ın hakimiyyətdə olduğu illərdə "rüşvət alan” lobbiçilər sırasında İsveçin keçmiş baş nazirinin adını çəkib. Onun sözlərinə görə, o zaman Bildt və həyat yoldaşının şirkəti Gürcüstanın "büdcəsindən milyonlar götürüblər”.

Nizami Bağırov