Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC Qobustan Milli Bədii Tarix Qoruğunun abadlıq işləri ilə bağlı xidmətlərin satın alınması üzrə tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Şəmkir Tikinti-18” ASC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 376 694,94 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Şəmkir Tikinti-18” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşir. Nizamnamə kapitalı 64 458 manatdır. Şirkətin qanuni təmsilçisi isə Abdullayev Vaqif Çingiz oğludur.
Açıq mənbələrdə şirkət haqqında əlavə məlumatlara rast gəlinmir. Vaqif Abdullayev haqqında da hər hansı məlumat yoxdur.
Araşdırmalarımıza əsasən, şirkət cari ildə 7 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 870 963,95 manatdır.
Həmçinin məlum olub ki, “Əsaslı Tikinti və Təchizat” MMC-nin təmir işləri ilə bağlı tenderlərində əsasən “Şəmkir Tikinti-18” ASC seçilir.
Ötən il şirkət Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. Bu tender üzrə şirkətin qiymət təklifi 819 990,68 manat olub.
2024-cü ildə tərəflər arasında iki satınalma müqaviləsi imzalanıb. Müqavilələrdən biri İsmayıllı şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, digəri isə Goranboy şəhər Heydər Əliyev Mərkəzinin əsaslı təmiri ilə bağlı olub. Müqavilələrin ümumi maliyyə dəyəri 908 085,13 manat təşkil edib.
“Əsaslı Tikinti və Təchizat” MMC Nazirlər Kabinetinin qərarı ilə 2023-cü ildə yaradılıb. MMC-nin rəhbəri Elçin Həsənzadədir.
Seyid
Şərhlər