"Critical Metals" şirkəti Qrenlandiya hökumətindən Tanbreez nadir torpaq elementləri yatağının işlənməsi planlarını həyata keçirmək üçün icazə alıb. Bu, resursların faktiki hasilatına başlamağa imkan verəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə WNP.pl yazıb.
Qrenlandiyanın cənubunda yerləşən Tanbreez layihəsi Çindən kənarda dünyanın ən böyük işlənməmiş ağır nadir torpaq metalları yataqlarından biridir. Yatağın təxminən 45 milyon ton ehtiyatı var. Bunun təqribən 27 faizini ağır nadir torpaq metallarının oksidləri təşkil edir. Yataqda həmçinin qallium, sirkon, tantal və niobium mövcuddur.
2025-ci ilin martında aparılmış ilkin iqtisadi qiymətləndirməyə (Preliminary Economic Assessment, PEA) əsasən, Tanbreez layihəsinin vergilərdən sonrakı xalis cari dəyəri ən azı 2,1 milyard dollar təşkil edir.
Analitiklərin vurğuladığı kimi, bu qərar ABŞ və müttəfiqlərinin Çindən kənarda əsas faydalı qazıntıların təchizat zəncirlərinin inkişaf etdirilməsi istiqamətində səylərini gücləndirməsi ilə eyni vaxta təsadüf edir.
Qrenlandiyanın strateji rolu sentyabr ayında ABŞ, Danimarka və Qrenlandiyanın yeni təhlükəsizlik sazişi imzalaması ilə bir daha vurğulanıb.
"Critical Metals" artıq infrastruktur işləri aparır və 10 min metr dərinliyə qədər qazma proqramını həyata keçirir.
Aydın
Şərhlər