XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

250 gündür radioaktiv su içir: Sosial şəbəkədəki təhlükəli iddia gündəm oldu
Dünya18:00 07.10.2026

250 gündür radioaktiv su içir: Sosial şəbəkədəki təhlükəli iddia gündəm oldu

Sosial şəbəkələrdə sağlamlıqla bağlı tövsiyələr paylaşan kontent yaradıcısının təxminən 250 gündür radioaktiv su içdiyini açıqlaması radiasiyanın sağlamlığa təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bir əsrdən artıqdır ciddi zərərləri məlum olan radioaktiv maddələrin bəzi rəqəmsal platformalarda şəfa mənbəyi kimi təqdim edilməsi isə mütəxəssislərin narazılığına səbəb olur.

Qaynarinfo xəbər verir ki, radiasiya ilə bağlı elmi kəşflərin mühüm mərhələlərindən biri Vilhelm Rentgenin 1895-ci ildə rentgen şüalarını kəşf etməsi olub. Bir il sonra fransız fizik Anri Bekkerel uran duzlarının günəş işığına ehtiyac olmadan öz-özünə radiasiya yaydığını müəyyən edib. Bekkerel daha sonra Mari Küri və Pyer Küri ilə birlikdə bu sahədəki fəaliyyətlərinə görə Nobel mükafatına layiq görülüb.

Lakin yeni kəşf edilən radiasiyanın insan toxumalarına təsiri də qısa müddət ərzində məlum olmağa başlayıb.

İlk təcrübələr ciddi yanıqlara səbəb olub

Pyer Küri radiumun təsirini müşahidə etmək məqsədilə qolunu qəsdən bu maddəyə məruz qoyub. Nəticədə yaranan yaranın sağalması aylarla davam edib. Anri Bekkerel də cibində daşıdığı radium borusunun bədənində yanığa səbəb olduğunu bildirib.

Buna baxmayaraq, radioaktiv maddələr bir müddət sağlamlıqla əlaqələndirilərək müxtəlif istehlak məhsullarında istifadə edilib. Radioaktiv diş məcunlarından siqaret filtrlərinə qədər müxtəlif məhsullar faydalı olduqları iddiası ilə bazara çıxarılıb.

Bu yanaşmanın nəticələri zaman keçdikcə ağır şəkildə üzə çıxıb. Radium tərkibli boyalarla işləyən işçilər ciddi sağlamlıq problemləri yaşayıb. “Radithor” adı ilə satılan radioaktiv içkini qəbul edən insanlarda isə çənə sümüklərinin zədələnməsi və ölüm halları qeydə alınıb.

Sosial şəbəkələrdə radioaktiv su iddiası

Oxşar yanaşmanın bu gün sosial şəbəkələr vasitəsilə yenidən ortaya çıxdığı görünür. Matt Roeske adlı kontent yaradıcısı “cultivateelevate” adlı “Instagram” hesabında radioaktiv suyun sağlamlıq üçün faydalı olduğunu iddia edir.

Bildirilir ki, Roeske təxminən 250 gündür 1920-ci illərdən qalma, içərisində uran filizi olan keramika qabda saxlanılmış suyu içir. Sözügedən tarixi qablarla bağlı elmi araşdırmalar suyun təkcə radon qazına deyil, həmçinin toksik səviyyədə qurğuşun və arsenə məruz qala biləcəyini göstərir.

Radioaktiv maddələrin sağlamlıq məhsulu kimi satışa çıxarılması yeni hadisə deyil. Keçmişdə radium tərkibli müxtəlif məhsulların faydalı olduğu barədə iddialar geniş yayılıb. Lakin onların səbəb olduğu ciddi sağlamlıq problemləri zamanla sənədləşdirilib.

Bu gün oxşar fikirlərin sosial şəbəkələr vasitəsilə geniş auditoriyaya çatdırılması, xüsusilə sağlamlıqla bağlı tövsiyələrin mənbəyi baxımından yeni risk yaradır.

Mütəxəssislər radiasiya kimi ciddi sağlamlıq fəsadlarına səbəb ola biləcək məsələlərdə kontent yaradıcılarının iddialarından deyil, sübuta əsaslanan tibbi məlumatlardan və səhiyyə mütəxəssislərinin qiymətləndirmələrindən əsas götürülməsinin vacibliyini vurğulayırlar.

Aydın