Avropada davam edən güclü isti hava və uzunmüddətli quraqlıq qitənin əsas su hövzələrində su səviyyəsini rekord həddə endirib.
Qaynarinfo xəbər verir ki, Reyn və Dunay çaylarında müşahidə olunan vəziyyət enerji istehsalı, sənaye, nəqliyyat və logistika sektorlarında ciddi problemlər yaradaraq iqtisadiyyata təsir göstərməyə başlayıb.
Rumıniyada Dunay çayında suyun kritik həddə enməsi səbəbindən soyutma suyu bu çaydan təmin edilən "Cernavoda" Atom Elektrik Stansiyasının işlək vəziyyətdə olan yeganə reaktoru tarixdə ilk dəfə dayandırılıb. Səlahiyyətli qurumlar stansiyaya daha çox suyun çatdırılması üçün İzvoarele bölgəsində çay yatağındakı qayaları nəzarətli partlayışlarla təmizləyiblər.
Oxşar problemlər Dunay hövzəsinin digər ölkələrində də müşahidə olunur. Macarıstanda ölkə elektrik enerjisinin təxminən 40 faizini istehsal edən "Paks" Atom Elektrik Stansiyası aşağı su səviyyəsi səbəbindən risk altına düşüb. Serbiya isə hidroelektrik stansiyalarında istehsalı azaltmağa məcbur qalıb.
Quraqlığın ən ciddi təsirlərindən biri Avropanın əsas ticarət marşrutlarından olan Reyn çayında hiss olunur.
Almaniyanın sənaye mərkəzlərini Avropanın daxili bölgələri ilə birləşdirən çayda "Kaub" ölçmə məntəqəsində suyun səviyyəsi son 150 ilin ən aşağı göstəricilərindən birinə enib. Suyun dərinliyi kritik hədd hesab olunan 78 santimetrdən də aşağı düşdüyü üçün yük gəmiləri tam yüklə hərəkət edə bilmir.
Nəticədə gəmilər daha az yük daşıyır, logistika xərcləri artır və nəqliyyat şirkətləri əlavə ödənişlər tətbiq edir. Bu isə sənaye müəssisələri üçün xammal daşınmasını çətinləşdirərək tədarük zəncirinə əlavə təzyiq yaradır.
Almaniyanın Kiel Dünya İqtisadiyyatı İnstitutunun (IfW) hesablamalarına görə, Reyn çayındakı aşağı su səviyyəsi ölkənin üçüncü rüb üzrə iqtisadi artımını 0,1–0,2 faiz bəndi azalda bilər. Bu isə 1–2 milyard avro həcmində əlavə dəyər itkisinin yaranması ilə nəticələnə bilər.
"Berenberg Bank"ın iqtisadçıları bildirirlər ki, şirkətlər əvvəlki quraqlıq dövrlərindən nəticə çıxararaq ehtiyatlarını artırıb və alternativ nəqliyyat vasitələrinə üstünlük verməyə başlayıblar. Bununla belə, dəmir yolu və avtomobil nəqliyyatına tələbatın artması yükdaşıma xərclərini yüksəldir və bu da inflyasiya təzyiqlərini gücləndirə bilər.
Su çatışmazlığı atom elektrik stansiyalarının soyutma sistemlərinə də təsir göstərir. Buna görə bəzi stansiyalarda enerji istehsalı azaldılıb. Eyni zamanda, su səviyyəsinin aşağı düşməsi hidroelektrik stansiyalarının istehsal gücünü də məhdudlaşdırır və Avropada enerji təchizatının təhlükəsizliyi ilə bağlı yeni risklər yaradır.
Mütəxəssislər hesab edirlər ki, meşə yanğınları, su qıtlığı və çayların quruması kimi iqlimlə bağlı problemlər gələcək illərdə Avropa iqtisadiyyatı üçün daha böyük maliyyə itkilərinə səbəb ola bilər.
Aydın
Şərhlər