Xəbər lenti

Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? (SİYAHI)
Siyasət12:34 17.10.2026

Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini istəyir.

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, R.Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir.

Dörd əsas dövlət ordeni:

Onun Azərbaycan dövlətinin müstəqillik dövründə aldığı əsas ordenləri bunlardır: “İstiqlal”, “Şərəf”, “Şöhrət” və “Heydər Əliyev” ordenləri.

“İstiqlal” ordeni Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkənin inkişafı qarşısında xüsusi xidmətlərə görə verilən yüksək dövlət təltiflərindən biridir. Mehdiyev bu ordenə 2008-ci ildə layiq görülüb.

O, 2013-cü ildə “Şərəf” ordeni ilə də təltif olunub. Bu orden Azərbaycan qarşısında xidmətlərə görə verilən dövlət təltifidir.

Mehdiyevin növbəti mühüm təltifi “Şöhrət” ordeni olub. 16 aprel 2018-ci il tarixində o, Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə bu ordenlə təltif edilib.

“Boz kardinal”ın aldığı ən yüksək dövlət təltiflərindən biri isə “Heydər Əliyev” ordenidir. 23 oktyabr 2019-cu il tarixli sərəncamla o, dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə bu ordenə layiq görülüb.

Xarici dövlətlərin ordenləri də var

Ramiz Mehdiyevin təltifləri yalnız Azərbaycanla məhdudlaşmır. Onun bioqrafik məlumatlarında Rusiya və keçmiş SSRİ dövrünə aid mükafatlar da göstərilir.

Bu sırada SSRİ-nin “Qırmızı Əmək Bayrağı” ordeni, Rusiya Federasiyasının “Dostluq” və “Şərəf” ordenləri, eləcə də xarici qurumların verdiyi ayrı-ayrı medallar qeyd olunur.

Lakin indi söhbət Azərbaycan Respublikasının dövlət təltiflərindən gedir. Azərbaycan dövlətinin öz təltifləri ilə bağlı qərar qəbul etməsi başqa dövlətin verdiyi ordenin də avtomatik ləğvi demək deyil. Xarici təltiflərin taleyi onları təsis edən dövlətlərin qaydaları və səlahiyyətləri çərçivəsində həll oluna bilər.

Bundan başqa, Ramiz Mehdiyevin elmi fəaliyyəti ilə əlaqədar aldığı medal və mükafatları da var. Amma onların hamısını dövlət ordeni hesab etmək düzgün olmaz. Məsələn, 2021-ci ilin dekabrında o, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif olunub.

Dövlət təltifləri hansı qaydada geri alına bilər?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsi xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmə məsələsini tənzimləyir.

Həmin maddəyə görə, ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə işin hallarını, cinayətin ictimai təhlükəliliyini və təqsirkarın şəxsiyyətini nəzərə alaraq onun dövlət təltifindən məhrum edilməsinin zəruriliyi barədə qərar verə bilər.

Əgər söhbət Prezident tərəfindən verilmiş dövlət təltifindən gedirsə, məhkəmə həmin təltifdən məhrumetmə məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilməsi barədə qərar qəbul edə bilər.

Bu norma göstərir ki, dövlət təltifindən məhrumetmə sadəcə siyasi qərarla yekunlaşan proses deyil. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar və müvafiq hüquqi prosedur tələb olunur.

Ramiz Mehdiyevin təqsirliliyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən ediləndən sonra onun təltiflərdən məhrum ediləcəyi gözlənilir.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib. O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri ali xüsusi rütbəsinə malikdir.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə Ramiz Mehdiyevin cinayət işinə baxılır. Proses mətbuata qapalı keçirilir.