Xəbər lenti

Təkcə futbol klubu deyil: "Colo-Colo"nun arxasındakı böyük tarix
İdman11:54 17.10.2026

Təkcə futbol klubu deyil: "Colo-Colo"nun arxasındakı böyük tarix

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çilinin ən məşhur futbol klubu olan “Colo-Colo” zəngin tarixi, çoxsaylı titulları və milyonlarla azarkeşinin komandaya bağlılığı ilə seçilir. 1925-ci ildə yaradılan klub ölkə futbolunda rekordlara imza atmaqla yanaşı, Çilinin fəhlə təbəqəsinin, yerli xalqların və sosial mübarizənin simvollarından birinə çevrilib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Goal” nəşrində Ceyms Vestvudun hazırladığı məqalədə bildirilir.

“Colo-Colo” Çili çempionatında 34 dəfə qalib gələrək bu göstərici üzrə ölkə rekordunu əlində saxlayır. Klub həmçinin 14 dəfə Çili kubokunu qazanıb və 1991-ci ildə Libertadores kubokuna sahib çıxan ilk və indiyədək yeganə Çili komandası olub. Komanda ölkənin yüksək liqasından heç vaxt aşağı düşməməsi ilə də seçilir. Klubun adı XVI əsrdə ispan müstəmləkəçilərinə qarşı mübarizəyə rəhbərlik etmiş Mapuçe xalqının əfsanəvi lideri Kolokolonun şərəfinə seçilib.

Komandanın qurucularından və ilk kapitanı David Arellano 1925-ci ildə klubun yaradılmasında əsas rol oynayıb. Lakin o, “Colo-Colo”nun sonrakı uğurlarını görməyib. Komandanın Avropa turu zamanı aldığı ağır zədə nəticəsində yaranan peritonit Arellanonun ölümünə səbəb olub. Onun xatirəsini yaşatmaq üçün klubun embleminə qara zolaq əlavə edilib. Bu detal sonradan komandanın tarixinin ayrılmaz hissəsinə çevrilib.

Klubun simvolizmi xüsusilə Auqusto Pinoçetin hərbi diktaturası dövründə daha da güclənib. Mapuçe xalqının mədəni kimliyinə və siyasi hüquqlarına təzyiqlərin olduğu həmin illərdə komandanın formasında yer alan yerli döyüşçü obrazı müqavimət və milli qürur rəmzi kimi qəbul olunmağa başlayıb. “Colo-Colo”nun sosial əhəmiyyəti təkcə meydandakı nəticələrlə məhdudlaşmayıb, azarkeşlər üçün kollektiv kimliyin ifadəsinə çevrilib.

Klubun ev oyunlarını keçirdiyi, qurucusunun adını daşıyan “Estadio Monumental David Arellano” stadionu da bu futbol mədəniyyətinin mühüm hissəsidir. 1989-cu ildə istifadəyə verilən arena təxminən 47 min tamaşaçı tutumuna malikdir. Burada yaradılan gur atmosferdə “Garra Blanca” adlı azarkeş qrupunun xüsusi rolu var. Bununla belə, qrupun adı stadionlarda zorakılıq, rəqib azarkeşlərlə toqquşmalar və təhlükəli insidentlərlə də hallanır. 2025-ci ilin aprelində “Fortaleza” ilə oyun öncəsi stadion ətrafında yaranan izdihamda iki gənc azarkeş həyatını itirib.

“Colo-Colo”nun tarixində Karlos Kaszeli, Fransisko Valdes, Marselo Bartiçotto və Luis Mena kimi futbolçular xüsusi yer tutur. Klubun yetirmələrindən olan Arturo Vidal isə Avropanın aparıcı komandalarında çıxış etdikdən sonra 2024-cü ildə doğma komandaya qayıdıb. Onun təntənəli təqdimatı və azarkeşlərin böyük coşqusu klubun cəmiyyətdəki nüfuzunu bir daha nümayiş etdirib. Vidalın dönüşündən sonra komanda 2024-cü ildə 34-cü dəfə Çili çempionu olub.

Məqalədə vurğulanır ki, “Colo-Colo”nun böyüklüyünü yalnız kuboklar və rekordlarla ölçmək mümkün deyil. Klub ölkənin müxtəlif bölgələrindən, sosial təbəqələrindən və yaş qruplarından olan insanları birləşdirir. Onun milyonlarla azarkeş üçün ifadə etdiyi məna futbol sərhədlərini aşır: “Colo-Colo” həm tarixi yaddaş, həm sosial kimlik, həm də ortaq sevinc və mübarizə simvoludur.

Aydın