Xəbər lenti

Rəqs ustadları: Roza Cəlilovanın sənətdə qoyduğu iz ölçülməzdir
Sənət 15:26 19.11.2025

Rəqs ustadları: Roza Cəlilovanın sənətdə qoyduğu iz ölçülməzdir

Azərbaycan rəqs sənətinə ağır itki üz verib. Xalq artisti, rəqqasə Roza Cəlilova 96 yaşında vəfat edib. 

Roza Cəlilova uzun illər Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında solist kimi fəaliyyət göstərib. Sonradan ansamblın bədii rəhbəri olub, "Gülüstan” və "Sevinc” rəqs kollektivlərinə rəhbərlik edib.

Xalq artisti Təranə Muradova Qaynarinfo-ya açıqlamasında Roza Cəlilovanın Azərbaycan rəqs sənətində misilsiz rolu olduğunu bildirib:
 


"Allah rəhmət eləsin, Azərbaycan rəqs sənətinin görkəmli sənətkarlarından biriydi. Biz Roza xanımın sənəti ilə böyümüşük. O, böyük sənətkar, quruluşçu, balatmeyster idi. Roza xanım Azırbaycan milli rəqslərini bu günə gətirən və dünyaya təbliğ edən sənətkarlardandır. Onun bu sənətdə misilsiz rolu var. Milli rəqslərin quruluşunda öz dəstti-xətti olub. Onun saysız-hesabsız tələbələri var. Roza xanım uzun illər Mahnı və Rəqs Ansamblında işləyib. Bu ansamblda onun qurduğu rəqslərin də sayı-hesabı yoxdur. Tarixə və arxivə düşən rəqsləri var - "Ağ çiçək”, "Muleyli”, "Yallı” və s. Saymaqla bitməz. Roza xanım hər zaman sənət adamları tərəfindən yad ediləcək”.

Mahnı və Rəqs Ansambılının Baş baletmeysteri Ceyhun Qubadov Roza Cəlilovanın ölümünə kədərləndiyini deyib:
 


"Ansambl yaranan gündən Roza xanım burada solist kimi işləyib, sonralar isə ansamblın baletmeysterinə kimi ucalıb. Onun bütün yubileyləri ansamblda keçirilib. 95 illik yubileyini isə Azərbaycan Dövlət Filarmoniyasında qeyd etdik. Onun ölümü Azərbaycan rəqs sənəti üçün böyük itkidir. Gözəl rəqqasə və müəllim olub. Roza xanım Azərbaycan rəqsləri üçün böyük işlər görüb”. 

Türkiyənin İstanbul şəhərində yaşayan və Memar Sinan İncəsənət Universiteinin müəllimi Şəhriyar Cəfərov Roza Cəlilovanın ölüm xəbərinə çox üzüldüyünü vurğulayıb:
 


"Roza xanım Azərbaycan milli rəqs sənətinin böyük ustadı idi. Dövrünün ifaçıları arasında ifa texnikası, lirik ifadəli rəqsləri ilə seçilən və öndə olan sənətkar idi. Azərbaycan milli rəqslərini dünya səhnələrində yüksək  peşakarlıqla nümayiş etdirən ilk ifaçılardan idi. Azərbaycan xalqının və rəqs sevənlərin qəlbində daim yaşayan sənətkar olacaq. Mənim qəlbimdə Roza xanımın çox ayrı və əvəzsiz bir yeri var. O, mənim sənətimə böyük qiymət verən sənətkar idi. Zamanında Mədəniyyət Nazirliyinə mənim fəxri ad almağımla bağlı müraciət edib təqdimat da yazmışdı. Bir-bir itiririk böyük sənətkarları. Çox üzücüdür. Allah Roza xanıma rəhmət eləsin”.

Bahar Rüstəmli


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->