Vüsal Bağırlı
Foto 11:38 11.11.2020

Ruslan…

Vüsal Bağırlı

Yumşaq təbiətli bu həlim insan
Deyərdin, quşa da daş ata bilməz.
Ancaq...Top ardına keçdiyi zaman
O, yalnız əsgərdir,-
Ölməz, yenilməz!     
(Bəxtiyar Vahabzadənin "Dörd yüz on altı” poemasından)

Müharibə qurtardı. Yaralar qaldı.

Onların bəziləri tez, bəziləri gec sağalacaq, bəziləri isə ümumiyyətlə qaysaq bağlamayacaq, sağalmayacaq.

Noyabrın 5-i səhər yuxudan oyanıb "vatçap"a baxarkən, gözüm dostum Vüqarın göndərdiyi yazıya sataşdı. Əlim-qolum keyidi. Sanki nə etdiyimi, nə düşündüyümü bilmədim. Mexaniki hərəkətlərlə əl üzümü yudum, paltarımı geyinib evdən çıxdım. Elə bil robot olmuşdum. Xəbərin reallığını, dəhşətini qəbul edə bilmirdim, qavramırdım, onunla barışmaq istəmirdim. Düz ora, İkinci Fəxri Xiyabana çatana qədər, Ruslanın şəklini, qəbirüstü yazısını görənə qədər inanmadım baş verənə.

Orada, soyuq başdaşı üzərinə həkk olunmuş hərbçi formalı fotoşəkil, altındakı "polkovnik-leytenant Ruslan Tağıyev” yazısı, dərddən diz çökmüş ananın taqətsiz silueti şübhəni, inamsızlığın kövrək sərhədlərini, acı, bıçaq kimi ürəyə sancılan həqiqətə çevirdi.

Özü də lap bu yaxınlara qədər "vatçap"da yazışırdıq. Bir-birimizlə nə var, nə yox edirdik. Mən cəbhədən suallar yağdırırdım, o isə ümumi cavablar verirdi. Yəni, narahat olma, hər şey yaxşı olacaq, döyüşlər gedir, qələbə bizimlədir və sair. 

Sonra, cavablar qəflətən susdu. Heç nə yazmırdı. Bilirdim ki, artıq ön cəbhədədir, döyüşdədir. İndi telefon yaddaşında onun adına baxıram. Adama qəribə gəlir ki, daha bu nömrənin sahibi həyatda mövcud deyildir. O yoxdur, başqa dünyaya, bizim anlamadığımız başqa bir zamana, başqa məkan formatına köçmüşdür.

İşıqlı siması, xəfif təbəssümü, mülayim rəftarı gözümün qarşısından getmir.

İnanmaq olmur ki, belə xoş, işıqlı simanın, gülümsəyərkən qıyılan gözlərin arxasında zabitəli əsgər nizam-intizamı, sərt hərbçi həyatı, inadkar döyüşçü dözümü və iradəsi gizlənmişdir. 

Dostları, yoldaşları, yaxlnları, hamı xətrini istəyirdi.  

Heyif qardaş, heyif. Söz tapa bilmirəm. Üzü, cizfiləri, mimikası, uşaq təbəssümü indi də gözümün qabağından getmir. O qədər, sadə, ünsiyyətə rahat bir insan idi. İlk tanışlıqdan məndə elə təəssürat yaranmışdı ki, sanki onu elə uşaqlıqdan tanımışam. İşimlə bağlı, Ruslanla bir neçə dəfə yolumuz kəsişmişdi. Köməyi lazım olmuşdu. Hər dəfə də cani dildən  əsirgəməmişdi. Heyif. Heyif belə qardaşdan, belə dəyərli igiddən. Bu şərəfsizlərə görə ən yaxşı, ən dəyərli insanlarımızı itirdik. İtirilən insanlarımızın yerini isə heç vaxt, heç zaman doldura bilməyəcəyik.

Qarabağ geri alındı. Canını fəda etdiyin Şuşa alındı. Qısasın alındı.

Qəbrində rahat uyu igidim, rayat yat əsgərim. Sən qələbəyə saatlar qala gözlərini əbədi yumdun. 

Fəqət, xatirən qəlbimizdə əbədidir.