Xəbər lenti

Dünya 19:51 21.08.2023

Saakaşvili nümayəndəsi vasitəsilə seçki kampaniyasına başlayır

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili avqustun 22-dən öz nümayəndəsi vasitəsilə genişmiqyaslı seçki kampaniyasına başlayır.

Qaynarinfo "News-Georgia” portalına istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin yaratdığı "Vahid Milli Hərəkat” partiyasının nümayəndəsi Sofo Çaparidze məlumat verib.

Saakaşvili bundan əvvəl Çaparidzeni özünün ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi təyin edib. Buna görə də qeyd edildiyi kimi, onun adından kampaniyaya başlamağı planlaşdırır.

"Buna seçki kampaniyasının başlanğıcı deyə bilərik", deyə Çaparidze bildirib.

Onun sözlərinə görə, Saakaşvilinin nümayəndəsi kimi Gürcüstanın bütün regionlarına səfər edərək, onun tərəfdarları ilə görüşəcək və gələcək addımları müzakirə edəcək:

"Saakaşvili bura gələrək özünü qurban verməklə bizə vətənpərvərliyin ən yüksək səviyyəsini göstərdi. Səhhətinin çox ağır olmasına baxmayaraq, o, bu dörd divar arasında vətənin xilası uğrunda mübarizəsini davam etdirir. Saakaşvili vətənin azadlığı, vətənin yaşaması üçün mütləq sona qədər mübarizə aparacaq", deyə Çaparidze dedi.

Eyni zamanda, Gürcüstan parlamentinin insan haqları komitəsi xəbərdarlıq edib ki, Saakaşvilinin Gürcüstanda seçki kampaniyası aparmaq hüququ yoxdur, çünki o, ölkə vətəndaşı deyil.

Komitənin rəhbəri Mixail Sarjveladze bildirib ki, Saakaşvilinin adından elan edilən genişmiqyaslı kampaniyanın təfərrüatları bilinmir və buna görə də onun Gürcüstan qanunvericiliyinə zidd olub-olmadığı aydın deyil.

Sarjveladzenin sözlərinə görə, ümumiyyətlə, xarici vətəndaşın siyasətə qarışmaq cəhdi ən azı ölkə qanunvericiliyinə hörmətsizlik əlamətidir.

Gürcüstanda parlament seçkiləri 2024-cü ilə təyin edilib. Saakaşvili 2015-ci il dekabrın sonunda Ukrayna vətəndaşlığını alaraq Gürcüstan vətəndaşlığını itirib. Hazırda o, əcnəbi statusu ilə Gürcüstanda həbsdədir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->