İdman 11:47 12.01.2023

“Səbail”in baş məşqçisi Türkiyədə: “Qarşıdakı 5-6 gündə…”

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan "Səbail”in baş məşqçisi Şahin Diniyev hazırlıqla bağlı fikirlərini bölüşüb. 

Təcrübəli mütəxəssis Qaynarinfo-ya açıqlamasında "Legiya” ilə keçirdikləri yoldaşlıq görüşündən və heyətlə bağlı yeniliklərdən danışıb.

"Məşqlərimiz plan üzrə, gündə iki dəfə olmaqla davam edir. Səhərlər daha çox funksional hazırlığa fikir veririk. Axşamlar isə taktiki gedişlər üzərində işləyirik. Bir yoldaşlıq görüşü keçirmişik. Polşa nəhəngi "Legiya” ilə oynadıq. Həqiqətən oyuna hazır deyildik. Cəmi 4 günlük məşqdən sonra meydana çıxmışdıq. "Legiya” isə ikinci təlim-məşq toplanışını keçirir. İlk toplanışı Dubayda keçirib Antalyaya gəlmişdilər. Güclər bərabər deyildi, ən azı fiziki baxımdan geri qalırdıq. Buna baxmayaraq komanda meydana çıxıb xarakter göstərdi. Mənə elə gəlir ki, yaxşı futbol oynadılar. Hesab 2:2 oldu. Bizim üçün yaxşı nəticədir. Nəticədən əlavə, uşaqların göstərdiyi fədakarlıq könlümcə oldu. Komandanın potensialı olduğunu gördüm. Məşqlərimiz davam edir. Havaların pis keçməsi məşqlərdə problemlər yaradır. Dünən, bu gün həm külək, həm yağış, soyuq hava normal məşq keçirməyə mane olurdu. Maksimum istifadə etməyə çalışırıq. Daha iki oyunumuz var. Bu gün Çexiya, ayın 16-da isə Serbiya klubu ilə oynayacağıq. Bununla da təlim-məşq toplanışı yekunlaşacaq və ayın 17-si Bakıya qayıdacağıq”.

Diniyev heyətdə hansı dəyişikliklərin nəzərdə tutulduğundan da danışıb:

"Bildiyiniz kimi, qış fasiləsində transferlər etmək, yaxşı futbolçu tapmaq olduqca çətindir. Səhv etmək istəmirik. Onsuz da legioner seçimində hansısa səhvlər olur. Bunu minimuma endirmək istəyirik. Əvvəlcədən də demişdim, böyük dəyişikliklər etmək fikrində deyiləm. Bu futbolçuların potensialı var. Potensiallarını açıb irəli getmək, qarşıya qoyulan məqsədə çatmaq mümkündür. Bir neçə mövqe var ki, futbolçu tapsaq yaxşı olardı. Vinger və mərkəz yarımmüdafiəçisi mövqeyində alternativ futbolçulara ehtiyac var. Bir mövqedə iki futbolçunun olması rəqabət baxımından yaxşıdır. Olsa transfer həyata keçirəcəyik, olmasa, belə davam edəcəyik. Bu dəqiqəyə qədər çox futbolçu ilə maraqlanmışıq, ancaq hələ ki, konkret heç birinin üzərində dayanmamışıq. Təlim-məşq toplanışının sonuna qədər, yəni qarşıdakı 5-6 gün ərzində futbolçu tapsaq, alacağıq. Ondan sonra olanlar isə bizə lazım deyil. Çünki vaxtımız yoxdur, futbolçunun gəlməsi, uyğunlaşması, forma yığması problem yaradacaq. Alınmasa, seleksiya şöbəmizin təklif etdiyi futbolçulara baxacağıq, bəyəndiyim olsa, götürəcəyəm. Təlim-məşq toplanışına gələndən heç kimi baxışa çağırmamışıq. yaxud hansısa bəyənməyib qaytardığımız futbolçu olmayıb”.

Səbuhi Həsənov