Ekonomiks 14:15 03.11.2023

“Sədərək” gömrük postunda niyə sıxlıq yaranıb? (RƏSMİ)

Sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikası ilə sərhəddə yerləşən "Sədərək” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığının yaranması və sürücülərdən qeyri-qanuni vəsaitlərin tələb olunması ilə bağlı məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, "Sədərək” gömrük postunda nisbi sıxlığın yaranmasına səbəb Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitələrinin sayının artmasıdır.

Qeyd edilib ki, hazırda "Sədərək” gömrük postu vasitəsilə qarşı tərəfin də buraxılış qabiliyyəti nəzərə alınmaqla gündəlik 480 yük nəqliyyat vasitəsinin keçidi təmin edilir:

"Sürücülərdən qeyri-qanuni vəsaitlərin yığılması ilə bağlı iddialar, ümumiyyətlə, həqiqətə uyğun deyil, böhtan xarakteri daşıyır.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən ölkə ərazisinə daxil olan nəqliyyat vasitələri parametrləri, ölkə ərazisində qalma müddətləri və qanunvericilikdə müəyyənləşdirilən digər amillər nəzərə alınmaqla yol vergilərinə cəlb olunur".