Stilist və aparıcı Sərxan Kərəmoğlu ilə meyxanaçı Rüfət Nasosnu arasında mübahisə yaranıb. Buna səbəb aparıcının qonaq olduğu verilişdə "meyxana ciddi sənət deyil" fikrini səsləndirməsi olub. Onun bu açıqlaması qarşı tərəfin etirazı ilə nəticələnib.
Rüfət Nasosnu Qaynarinfo-ya açıqlamasında Sərxan Kərəmoğlunun cavabını vermək üçün ona verilişdə vaxt verilmədiyini bildirib:
"Meyxananı bilən də danışır, bilməyəndə. Üstəlik mənə danışmağa imkan vermədilər, abırıma sığınıb susduç. Meyxana tam ciddi sənətdir. Bəzi meyxana deyənlər olub ki, illərlə işinə ciddi yanaşmayıb, meyxanaya pul qazanmaq kimi baxıblar. Əvvəl sosial şəbəkələr yox idi, meyxana deyənlərin də çoxusu Bakı kəndlərində yaşayırdı. Ətraf rayonlardan əsl kişi xarakterli insanlar məclislərə meyxana deyənləri dəvət edirdilər. Meyxanaçı ilə ev sahibi arasında baş verən hadisələr, ifaları onların öz aralarında qalırdı. Bu səbəbdən onların səhvləri xalq arasına çıxmırdı. Sonra sosial şəbəkələr açıldı. Bəzi meyxana deyənlər çox yerlərdə səhvlər etdilər. Bu səhvlər sosial şəbəkələrdə yayıldı və hamı gördü. Onların bu çıxışları meyxana sənətinə böyük zərbə vurdu".
Rüfət Nasosnu vurğulayıb ki, meyxanaya tam ciddi sənət kimi baxan meyxanaçıların bəziləri də ciddi səhvlərə yol veriblər:
"Şit zarafatlar, söyüş və s. meyxananı gözdən salıb. Bu gün tamaşaçılar iki qrupa bölünür, biri var həvəskar, biri də var xridar, yəni sözü anlayan. Həvəskar o qədər fanatizmə yol verib deyə meyxana bir az da dəyərdən düşüb. Müəyyən səbəblər olduğundan efirdə bunları deyə bilmədim. Necə deyərlər, içim özünü yandırdı, çölüm özgəni. İndi bəziləri deyir ki, Rüfət tam cavab verə bilmədi. Rüfət tam cavab versə, gərək sizləri də baltalasın. Çünki hər şey meyxana deyənlərin səhvi ucbatından baş verib".
Rüfət Nasosnunun sözlərinə görə, meyxana folklor sənətidir:
"Meyxana vasitəsi ilə təbliğat-təşviqat da aparmaq mümkündür. Əsas odur ki, meyxanada söyüş olmasın".
Bahar Rüstəmli
Şərhlər