1986-cı ilin avqustunda Kamerunun şimalında XX əsrin ən müəmmalı fəlakətlərindən biri baş verib – Nyos gölü yaxınlığında bir gecə ərzində təxminən 1800 insan və minlərlə heyvan həyatını itirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" nəşri yazır.
Yaxın kəndlərin sakinləri adi qaydada yuxuya getsələr də, bir daha oyanmayıblar. Səhər sağ qalanlar dəhşətli mənzərə ilə üzləşiblər: cəsədlər küçələrdə, evlərdə, hətta yataqlarda uzanmış vəziyyətdə tapılıb, heç bir mübarizə və ya dağıntı izi olmayıb.
Əvvəlcə faciənin səbəbi izah edilə bilmirdi. Partlayış, yanğın və ya zəhərlənmə əlamətləri yox idi. Müxtəlif versiyalar – naməlum xəstəlikdən tutmuş kimyəvi hücuma qədər – irəli sürülüb.
Sonradan araşdırmaya beynəlxalq ekspertlər, o cümlədən ABŞ Geoloji Xidmətinin mütəxəssisləri qoşulub. İlkin ehtimallardan biri vulkan püskürməsi olsa da, buna dair heç bir sübut tapılmayıb.
Ölümcül qaz
Araşdırmalar nəticəsində oxşar hadisənin baş verdiyi Monun gölü ilə müqayisə aparılıb və səbəb müəyyənləşdirilib.
Məlum olub ki, gölün dibində Yer qatlarından sızan karbon qazı toplanıb. Müəyyən şəraitdə bu qaz qəfil olaraq sıx bulud şəklində səthə qalxıb.
Havadan ağır olan karbon qazı vadilərə çökərək oksigeni sıxışdırıb və nəticədə insanlar və heyvanlar yuxuda boğularaq ölüb.
"Gecikmiş partlayış”
Alimlər hesab edir ki, torpaq sürüşməsi, külək və ya sualtı proses kimi kiçik bir təsir belə zəncirvari reaksiyanı işə sala və böyük həcmdə qazın birdən-birə ayrılmasına səbəb ola bilərdi.
Bu tip su hövzələri "partlayış təhlükəli” göllər kimi xarakterizə olunur, çünki onlar illərlə qaz toplayaraq qəfil və xəbərdarlıq olmadan "partlaya” bilirlər.
Faciənin qarşısı necə alındı
Yeni hadisənin qarşısını almaq üçün 2001-ci ildə göldə xüsusi borular quraşdırılıb. Bu sistem qazın dərinlikdən tədricən səthə çıxarılmasına imkan verir.
Hazırda Nyos gölü sabit hesab olunur: qaz səviyyəsi nəzarətdə saxlanılır və yeni fəlakət riski xeyli azaldılıb.
Bu hadisə göstərir ki, zahirən sakit görünən təbii obyektlər belə ciddi və gizli təhlükələr daşıya bilər.
Aydın
Şərhlər