Hindistanın şimalındakı Ladakh bölgəsinin "soyuq səhrası"nda sərt dağ mənzərəsi fonunda onlarla metr hündürlüyə çatan nəhəng buz konusları ucalır. Bu qeyri-adi qurğular təbiətin deyil, mühəndis Sonam Vanqçukun layihəsidir. Lakin ideyanın əsası ondan əvvəl qoyulub.
Qaynarinfo "Polsat News"a istinadən xəbər verir ki, Vanqçuk bu layihə üçün ilhamı Ladakhdan olan digər mühəndis Çevanq Norfeldən alıb. "Buz adamı" kimi tanınan Norfel 1980-ci illərdən etibarən düz buz sahələri formasında süni buzlaqlar yaradırdı. Lakin onlar yüksək dağlarda yerləşdiyindən daha tez əriyirdi. Vanqçukun məqsədi isə suyu kəndlərin yaxınlığında dondurmaq və onu yayın əvvəlinədək saxlamaq idi.
Bu, bölgə üçün həyati əhəmiyyət daşıyır. Əriyən buzlaqların suyu vadilərə yalnız yayın ortalarında çatır, halbuki əkin sahələrinin suvarılmasına ehtiyac yaz aylarında yaranır. Yeni layihə məhz bu problemi həll edib.
Buz qüllələri necə yaranır?
Vanqçukun sözlərinə görə, buz qüllələrinin yaranmasında əsas rolu fizika qanunları oynayır. Burada çayın yuxarı və aşağı axını arasındakı hündürlük fərqi həlledici əhəmiyyət daşıyır.
Sistem qış aylarında, gecələr temperaturun -30 °C-yə qədər endiyi dövrdə işləyir. Su adətən ən azı 60 metr yüksəklikdə yerləşən mənbədən yeraltı borular vasitəsilə aşağıya ötürülür. Hündürlük fərqi nəticəsində yaranan təzyiq sayəsində su borunun çıxışından nasosdan istifadə edilmədən yuxarı püskürür və fəvvarə əmələ gətirir.
Şiddətli şaxtada su damcıları hələ havada olarkən donur və budaqlardan hazırlanmış karkasın üzərinə yapışaraq qat-qat buz təbəqələri yaradır. Beləliklə, zaman keçdikcə nəhəng buz konusu formalaşır.
Konus formasının seçilməsi də təsadüfi deyil. Günəş şüalarına məruz qalan səth sahəsi həcminə nisbətən kiçik olduğundan, bu quruluş daha yavaş əriyir.
İlk prototip 2013–2014-cü illərin qışında hazırlanıb və 2014-cü ilin may ayının ortalarınadək qalıb. Həmin buz konusu təxminən 150 min litr su ehtiyatı toplayıb. Tam ölçülü ilk buz konusları isə 2014–2015-ci illərin qışında Pyanq kəndində inşa edilib.
Niyə məhz Ladakh?
Ladakh Hindistanın şimalında yerləşən və "soyuq səhra" adlandırılan bölgədir. Himalay dağları ilə əhatə olunsa da, burada yağıntı olduqca az olur. Regionda il ərzində adətən 100 millimetrdən də az yağıntı düşür.
Vadilərdə arpa və meyvə ağacları yetişdirən yerli fermerlər üçün əsas su mənbəyi buzlaqların əriməsi nəticəsində yaranan axınlardır. Uzun illər bu təbii dövran normal işləsə də, iqlim dəyişikliyi səbəbindən yaz aylarında suyun həcmi azalır və bu, məhsuldarlıq üçün ciddi təhlükə yaradır.
Buzlaqların əsas əriməsi yay aylarının sonlarına təsadüf edir. Halbuki əkin sahələrinin suvarılmasına yazda, torpağın quruduğu dövrdə ehtiyac yaranır. Qışda isə su çaylarla axaraq istifadə olunmadan bölgədən uzaqlaşır.
Süni buz konusları məhz bu boşluğu doldurur. Qışda dondurulan su yaz aylarında tədricən əriyərək bir neçə həftə ərzində əkin sahələrini su ilə təmin edir. Bu sistem artıq öz səmərəsini göstərib. Pyanq kəndində buz konuslarından əldə edilən su hesabına əvvəllər yararsız sayılan geniş ərazilər yaşıllaşdırılıb.
Aydın
Şərhlər