İnsan orqanizminə minbir faydası ilə bilinən quru meyvələr bəzən göründükləri qədər saf qida növü olmaya bilir.
Bəzi hallarda meyvə quruları, xüsusən də qara rəngli olan gavalı və kişmiş çərəzləri əldə rəng buraxır. Bu da onun təbii rənginin qara olmamasından xəbər verir. Bunu biz yox, həm də ekspertlər deyirlər.
Hətta iddialar arasında bu da var ki, qara rəngli meyvə qurularını hazırlamaq üçün təkər yandırıb meyvə qurusunu "hisə verirlər”.
Məsələni daha yaxşı araşdırmaq üçün mütəxəssisə müraciət etdik. Qida məsələləri üzrə ekspert Məhsəti Hüseynova BAKU.WS-ə açıqlamasında bildirdi ki, qara kişmişi və ya gavalını aldıqda rəngi həddindən artıq çıxırsa bu onun tərkibində yimyəvi qatqı olduğundan xəbər verir:
"Qurudulmuş meyvələrin faydalarından yararlanmaq üçün mütləq şəkildə keyfiyyətli qurudulmuş meyvələrdən istifadə etmək lazımdır. Çünki bir çox hallarda bu məhsulları sənaye üsulu ilə qurudurlar ki onlar yumuşaq qalsın, rəngləri pozulmasın, uzun müddət zərərvericilərin ziyanına uğramasın.
Həmçinin bunun üçün onlara müəyyən qatqı maddələri də əlavə edilir. Belə olan halda həmin meyvə quruları daha səliqəli və daha parıltılı görünür. Lakin onları qəbul etdikdə daha acılıq hiss olunur. Bəzən də olur ki, həmin meyvəyə xas olan spesifik dadı hiss etmək olmur. Bəzi növ quru meyvələrin daha parlaq olması üçün xüsusilə kükürd deosiddən və E220-dən istifadə edirlər. Bu zaman da həmin meyvələr artıq qəbul edildikdə insan orqanizmində bir sıra fəsadlar yaranır, həzm sistemi pozulur, mədədə turşuluq artır. Bəzən quru meyvələrin daha qara olması üçün qliserindən də istifadə olunur. Belə hallara rast gəlinir. Gavalı və üzümü qaynadıb qurutduqda da rəngi qarala bilir. Keyfiyyətlisini seçmək üçün bunları etməli:
Əgər qara meyvə quruları seçilirsə qara, rəngi çox parlaq olmayan, üzərində ağ xırda-xırda ləkələri olanlara üstünlük vermək lazımdır.
Tövsiyə edilir ki, alınan quru meyvələr ilıq su ilə yuyulsun. Bəzən açıq şəkildə satılan quru meyvələr həm də fiziki çirklənməyə məruz qalırlar. Bunlara da diqqət olunmalıdır. Xüsusilə qara kişmiş və gavalı qurusunda acılıq varsa ondan imtina edilməlidir. Bu tərkibində kimyəvi maddələrin çoxluğundan xəbər verir. Elə sarı rəngli meyvə quruları da təbii quruma zamanı rəngini itirir. Əgər meyvə qurusu həddindən artıq narıncıdırsa burada da kimyəvi maddələrdən istifadə edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən isə BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir:
"Ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və məhsullar laborator müayinələrə cəlb olunur.
Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, qanuna müvafiq tədbirlər görülür. Əgər vətəndaşlarda istehlak etdikləri məhsullarla bağlı hər hansı şübhə olarsa, bu barədə konkret faktlarla Agentliyin "1003-Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.
Şərhlər