Suriyanın keçmiş lideri Bəşər Əsədin təxminən 50 milyard dollar dəyərində aktivləri ötən il Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa tərəfindən yaradılmış Suriya Suveren Fondunun nəzarətinə keçib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrinə istinadən məlumat yayıb. Qəzet fondu “məxfi” və “şəffaf olmayan” qurum kimi xarakterizə edir.
FT-nin mənbələrinin bildirdiyinə görə, fond həm dövlət mülkiyyətinə, həm də Bəşər Əsəd rejimi ilə əlaqəli şəxslərdən müsadirə edilmiş aktivlərə nəzarət edir. Qəzetin məlumatına əsasən, fondun idarəçiliyinə iqtisadiyyatın müxtəlif sahələrindəki aktivlər — fabriklər, ticarət mərkəzləri, daşınmaz əmlak obyektləri və banklardakı paylar daxildir.
Mənbələr, həmçinin bildirirlər ki, Əhməd əş-Şaraa fondun fəaliyyətinə nəzarət edir. Fondun direktorlar şurasına Suriyanın turizm naziri Mazen əs-Salhani rəhbərlik edir, İbrahim Sukkari isə qurumun direktorudur. Avstraliya 2018-ci ildə onu “Cəbhət ən-Nusra” qruplaşmasının ehtimal olunan üzvü kimi terrorizmlə mübarizə çərçivəsində tətbiq edilən sanksiyalar siyahısına daxil edib. Sözügedən qruplaşma terror təşkilatı kimi tanınıb və Rusiyada qadağan edilib.
FT mənbələrə və analitiklərə istinadən yazır ki, fond “Suriya iqtisadiyyatına nəzarətin güclü alətinə” çevrilib. Buna səbəb fondun rəhbərliyinin iqtisadiyyatın əsas sahələrini kimin idarə edəcəyini və həmin sahələrə kimin investisiya yatıracağını müəyyənləşdirməsidir.
Məlumata görə, fond Fars körfəzi ölkələrindən investisiyaların cəlb edilməsində də mühüm rol oynayır.
Suriya Biznes Şurasının rəhbəri Tayer Lahamin sözlərinə görə, fond iqtisadi baxımdan ölkənin ən uğurlu və “ən varlı qurumudur”.
Aydın
Şərhlər