Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanda növbəti əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, ölkədə növbəti əhalinin siyahıyaalınması 2029-cu il oktyabrın 1-dən 31-dək keçiriləcək.
Siyahıyaalma 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə aparılacaq. Bu, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ölkənin bütün ərazisini əhatə edəcək ilk əhalinin siyahıyaalınması olacaq. Siyahıyaalma əhali haqqında müfəssəl məlumatların əldə edilməsinə, eləcə də ölkənin sosial-demoqrafik vəziyyətinin qiymətləndirilməsinə imkan verəcək.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Prezidentin imzaladığı fərman xüsusi tarixi əhəmiyyət daşıyır.
"Bu, həm demoqrafik baxımdan, həm də Azərbaycanın bütün ərazisini əhatə etməsi baxımından tarixi əhəmiyyət daşıyan siyahıyaalmadır. Hazırkı mərhələdə ölkə əhalisinin sayı, demoqrafik artım tempi və nəsillərin təkrar istehsalı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir, fərqli qiymətləndirmələr aparılır", deputat qeyd edib.
Onun sözlərinə görə, siyahıyaalınmanın nəticələri bu məsələlərlə bağlı daha dəqiq təsəvvür formalaşdıracaq:
"Düşünürəm ki, siyahıyaalınmanın nəticələri əhalinin sayı ilə bağlı dəqiq məlumatların əldə edilməsinə, müxtəlif mülahizələrə aydınlıq gətirilməsinə və ölkədə gedən demoqrafik proseslərin daha obyektiv qiymətləndirilməsinə imkan verəcək. Bu, eyni zamanda demoqrafik siyasətin planlaşdırılması və həyata keçirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edəcək".
Bahar Rüstəmli
Şərhlər