Pərviz CƏBRAYIL
Sənət 12:37 05.08.2020

Tay-tuşum Rafiq Tağı...

Pərviz Cəbrayıl
 
O vaxt ölkədə yeganə yaradıcı təşkilat Azərbaycan Yazıçılar Birliyi idi. Hələ Azad Yazarlar Ocağı yaranmamışdı. 

Azad düşüncəli yazarların bir-biri ilə münasibəti çox yaxşı idi. Rafiq Tağı da bizim ən yaxın dostumuz, bizlərdən biri idi. Rafiq Tağı haqqında çox xoş sözlər demək mümkündür. Amma onun haqqında keçmiş zamanda danışmaq, yoxluğuna inanmaq çox çətindir. Mənə elə gəlir ki, ona heç nə olmayıb, biz bu yaxınlarda yenidən görüşəcəyik. Hərdən 5-6 ay görüşmürdük və görüşəndə də əvvəlki kimi mehriban və doğma adamlar kimi görüşürdük. 

Rafiqin yoxluğuna inanmaq çətindir. O vaxt tanınmış yazıçılara ön söz yazdırmaq, "xeyir-dua” almaq daha çox dəbdə idi. Amma mən istədim ki, ilk kitabım "Öləngi”yə ön sözü dostum, "öz yaşıdım” Rafiq Tağı yazsın. Biz Rafiq Tağını öz yaşıdımız, nəsildaşımız bilirdik axı. Heyf ki, ölümündən əvvəl gənclərin bəziləri onu xeyli incidib küsdürmüşdülər...

Mənim üçün Rafiq çox doğma və tay-tuşum kimi idi. "Öləngi”ni ona verəndə xahiş elədim ki, ürəyindən keçən bir yazı yazsın. Hətta tənqid eləsin. Kitabı verdim və çıxıb getdim rayona. Gəncliyimdə belə qəfil gedişlər olurdu. Qəfildən ərizə yazıb işdən çıxırdım və gedirdim. Rəhmətlik atam məcbur etməyənəcən geri qayıtmırdım. O zaman övladlarım da məktəbli deyildi. Bu dəfə də romanı Rafiq Tağıya verib çıxıb getdim. Qayıdanda eşitdim ki, Rafiq Tağı məni axtarıb. Zəng elədim, kefini soruşdum. Romanı çox təriflədi, yazı tərzimi bəyəndiyini dedi. Eyni zamanda mənim özüməinamsızlığımı tənqid elədi. Bu fikirlər mənə stimul verdi. Eyni zamanda, dostumuz Əlinin də maddi köməyi oldu və Rafiq Tağının ön sözü ilə kitab çap olundu. Rafiq Tağının yazdığı bir fikir sonradan tənqidçilərə istiqamət verdi ki, mənim haqqımda fikir desinlər. Üslubum əslində başqa yazıçıya yaxın olsa da, Rafiq bəy yazmışdı ki, mənim nəsrim "kafkavari”dir.

Əslində bütün dünya Kafkavaridir, usta – o da aramızdadır, sən də...

Dostoyevski dostlarıyla məktublaşmalarının birində demişdi ki, mənim də Qraf Tolstoy kimi maddi imkanım olsaydı və qayğılarsız yaza bilsəydim, bəlkə 100 il sonra da məni oxuyardılar... Rafiq, sənə azı yüz il oxunmaq diləyirəm, Dostoyevskinin 100 ilindən!

70 yaşın mübarək, Rafiq!