Siyasət 17:42 02.05.2023

“Tehran Bakı ilə barışmaq istəyirsə...” - Ekspert

"İki ölkə arasındakı münasibətlərdə müəyyən sakitləşmə hiss edilir, lakin münasibətlərin tam normallaşması üçün bir əsas mövcud deyil”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Tehranla Bakı arasında anlaşılmazlıqların aradan qaldırılması üçün bəzi əməli addımların atıldığını söyləyən İran XİN-in sözçüsü Naser Kənaninin fikirlərini şərh edərkən deyib:
 
"İran XİN sözçüsünün bu yanaşması mücərrəddir. Azərbaycanla İran arasında münasibətlərin normallaşması və inkişafı üçün Bakının Tehran qarşısında irəli sürdüyü şərtlər təmin olunmalıdır. Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı ortalıqda heç bir nəticə yoxdur. Ermənistan vasitəsilə İran daima Bakıya təzyiq göstərir. Ölkəmizin regionda həyata keçirmək istədiyi müxtəlif layihələrə, Zəngəzur dəhlizinin açılmasına maneə olmağa çalışır. Azərbaycana İran ərazisindən narkotik maddələrin ötürülməsinin ard-arası kəsilmir. İran rəsmiləri və siyasi şərhçilərin ölkəmizə qarşı hədyan çıxışları davam edir. İranda məskunlaşaraq, Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət göstərən vətəndaşlarımızla bağlı məsələ də hələ ki, həllini tapmayıb. Belə olan halda, münasibətlərin normallaşmasından danışmaq da mümkün deyil.Bəli, gərginlik nisbətən azalıb, İran rəsmiləri hələlik ölkəmizə qarşı cəfəng fikirlər söyləmirlər.  Amma münasibətlərin normallaşması üçün ciddi səbəb yoxdur”. 

Qeyd edək ki, İran XİN-in sözçüsü Naser Kənani  İranla Azərbaycan arasında anlaşılmazlıqların aradan  qaldırılması üçün bəzi əməli addımların atıldığını müşahidə etdiklərini deyib. "İki ölkə arasında əldə  olunan razılaşma, xüsusilə üç raund danışıqlar çərçivəsində biz həm iki ölkə arasında media mühitinin sakitləşməsinin, həm də anlaşılmazlıqların aradan qaldırılması üçün bəzi əməli addımların atılmasının şahidi olduq”, - deyə o bildirib. 

Rüfət Sultan