XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Təkcə göydələnlər deyil: Az adamın bildiyi başqa Dubayı harada görmək olar?
Dünya20:50 16.09.2026

Təkcə göydələnlər deyil: Az adamın bildiyi başqa Dubayı harada görmək olar?

Dubay nəhəng göydələnləri, dəbdəbəli ticarət mərkəzləri və bahalı restoranları ilə assosiasiya olunur. Lakin əmirliyin parlaq fasadının arxasında tarixi məhəllələr, qədim qayıqlar və küçə yeməkləri də gizlənir.

Qaynarinfo xəbər verir ki, Yaxın Şərqdəki gərgin vəziyyətə baxmayaraq, Dubayda həyat adi ritmdə davam edir. “Dailymail” yazır ki, şəhərdə otellər, restoranlar və mağazalar fəaliyyət göstərir, turizm sektoru isə daha əvvəl tətbiq edilmiş məhdudiyyətlərdən sonra bərpa olunur.

Bununla belə, yay aylarında havanın temperaturu gündüz 40 dərəcəni keçə bildiyi üçün şəhərdə turistlərin sayı azalır. Turizm mövsümü havaların sərinləşdiyi noyabr ayına yaxın başlayır.

Köhnə Dubayı harada axtarmaq olar?

Şəhəri fərqli tərəfdən görməyin yollarından biri Dubay körfəzinə getməkdir. Bu su qolu nəsillər boyu mühüm ticarət yolu olub. Burada İran, Şərqi Afrika və Hindistan arasındakı ticarət marşrutları kəsişib.

Hazırda Deyra və Bur-Dubay rayonları arasında ənənəvi taxta qayıqlar – abra-lar hərəkət edir. Gediş haqqı cəmi 1 dirhəmdir.

Yaxınlıqda dar küçələri, qum rəngli binaları və ənənəvi külək qüllələri ilə seçilən Əl-Fahidi tarixi məhəlləsi yerləşir. Burada müasir şəhər mərkəzinin memarlığından kəskin şəkildə fərqlənən qədim Dubay ab-havası qorunub saxlanılıb.

Dubay incəsənəti ilə də təəccübləndirir

Daha bir qeyri-adi məkan Əl-Kuoz sənaye rayonunda yerləşən “Alserkal Avenue”dur. Keçmiş anbar və fabrik binaları müasir incəsənət qalereyaları, müstəqil kinoteatr, kafelər, füd-traklar və fitnes studiyalarının yerləşdiyi yaradıcı mərkəzə çevrilib.

Bu rayon Avropanın böyük şəhərlərindəki yaradıcı məhəllələri xatırladır və xüsusilə müasir incəsənət, musiqi və qeyri-standart məkanlarla maraqlananların diqqətini çəkə bilər.

Yerli mətbəxi nə ilə fərqlənir?

Dubayın qastronomik səhnəsi də böyük otellərin restoranlarında təqdim olunan ənənəvi menyudan daha müxtəlifdir.

Bunun əsas səbəblərindən biri əmirliyin beynəlxalq tərkibli əhalisidir. Şəhər sakinlərinin əksəriyyəti BƏƏ hüdudlarından kənarda doğulub. Buna görə də burada dünyanın müxtəlif mətbəxlərinin yeməklərini dadmaq mümkündür.

Yüksək səviyyəli restoranlar arasında “Michelin” ulduzuna layiq görülmüş “Orfali Bros” xüsusilə seçilir. Restoranın menyusunda Suriya kulinariya ənənələri müasir qastronomik texnikalarla birləşdirilir.

Digər seçim isə müasir hind mətbəxində ixtisaslaşan “Tresind” restoranıdır. Burada ənənəvi yeməklər qeyri-adi formada və fərqli təqdimatla hazırlanır.

Daha sadə yeməklərə üstünlük verənlər isə Meksika mətbəxi təqdim edən “Taqueria El Primo” restoranına diqqət yetirə bilərlər. Takos və tostadas üçün burada uzun növbələr yaranır.

Şəhərin daha az tanınan qastronomik tərəfi ilə Dubayın müxtəlif rayonlarında təşkil olunan piyada turları zamanı da tanış olmaq mümkündür. Belə marşrutlar müxtəlif milli mətbəxlərin yeməklərini dadmağa və eyni zamanda şəhərin tarixi haqqında daha çox məlumat əldə etməyə imkan verir.

Aydın