Təyyarə salonlarında temperaturun aşağı saxlanılması təsadüfi deyil. Mütəxəssislərin sözlərinə görə, bu, sərnişinlərin sağlamlığını qorumaq və uçuş təhlükəsizliyini artırmaq məqsədi daşıyır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Science" nəşri keçmiş stüardessa Bobbi Loriyə istinadən yazıb.
Onun sözlərinə görə, təyyarə salonunda optimal temperatur adətən 21-24 dərəcə arasında saxlanılır. Lakin salon daxilində rütubət səviyyəsi cəmi 10-20 faiz olduğundan hava olduğundan daha soyuq hiss edilir.
Bobbi Lori bildirib ki, aviaşirkətlərin temperaturu aşağı saxlamasının əsas səbəbi sərnişinlərdə huşunu itirmə hallarının qarşısını almaqdır. Təyyarədə hipoksiya – orqanizmin kifayət qədər oksigen almaması ilə xarakterizə olunan vəziyyət yarana bilər ki, bu da bəzi hallarda huşun itirilməsi ilə nəticələnir.
Onun sözlərinə görə, sərnişinlərin təyyarədə huşunu itirməsi düşünüldüyündən daha tez-tez baş verir. Bu hallar xüsusilə gecə reyslərində müşahidə olunur.
Mütəxəssis izah edib ki, təyyarə salonunda hava təzyiqi dəniz səviyyəsindən təxminən 1800-2400 metr yüksəklikdəki atmosfer təzyiqinə uyğun saxlanılır. Bu səbəbdən sərnişin orqanizmi dəniz səviyyəsi ilə müqayisədə təxminən 25 faiz daha az oksigen qəbul edir. Buna öyrəşməyən insanlarda başgicəllənmə və halsızlıq yarana bilər.
Keçmiş stüardessanın sözlərinə görə, sərin hava sərnişinlərin ayıq qalmasına kömək edir ki, bu da qəfil turbulensiya və ya təxliyə zamanı operativ reaksiya vermək baxımından vacibdir. Bundan əlavə, aşağı temperatur ürək ritmini və tənəffüsü sabitləşdirir, qanda oksigen səviyyəsinin qorunmasına kömək edir, ürəkbulanma və hərəkət xəstəliyi riskini azaldır.
Bobbi Lori qeyd edib ki, salonun daha sərin saxlanılması rütubətin tənzimlənməsinə də kömək edir və havanın ağırlaşmasının qarşısını alır.
Təyyarədə temperaturu kim tənzimləyir?
Bu, təyyarənin modelindən asılıdır. Boeing təyyarələrində salonun temperaturu pilot kabinəsindən idarə olunur. Airbus təyyarələrində isə stüardessalar mərkəzi sensor ekran vasitəsilə temperaturu tənzimləyə bilirlər.
Təyyarədə tez üşüyənlər harada əyləşməməlidir?
Mütəxəssislər bildirirlər ki, tez üşüyən sərnişinlər qəza çıxışlarının yaxınlığındakı oturacaqlardan uzaq durmalıdırlar. Çünki qapıların izolyasiya hissələrindən sərin hava daxil ola bilər. Pəncərə kənarındakı yerlər də təyyarənin xarici səthinə yaxın olduğundan adətən daha soyuq olur.
Günay
Şərhlər