İtaliyada turistlərə eramızın 393-cü ilə aid qədim Roma abidəsi kimi təqdim edilən teatrın əslində müasir dövrdə inşa edilmiş saxta tikili olduğu müəyyən edilib. Məhkəmə bu obyektin yaradıcısı Franko Malossonu sənət əsərlərinin saxtalaşdırılması və qanunsuz tikinti işləri aparmaqda təqsirli bilib.
Qaynarinfo xəbər verir ki, "Popular Mechanics" nəşrinin məlumatına görə, Franko Malosso — tam adı ilə "Franko Alessandro Molosso Maltarel fon Rozenfrans" — daş pilləkənlər, sütunlar və yunan üslublu heykəllərlə bəzədilmiş saxta Roma teatrı tikərək onu qədim tarixi abidə kimi turistlərə təqdim edib.
Birinci instansiya məhkəməsi, apellyasiya və sonrakı hüquqi proseslərdən sonra da onun barəsində çıxarılmış hökm qüvvədə saxlanılıb. Malosso iki il dörd ay müddətinə azadlıqdan məhrum edilib. Teatr isə 2016-cı ildən məhkəmə qadağası altında olsa da, hələ də sökülməyib.
Saxta tarix turistlərə həqiqət kimi təqdim olunub
Malosso iddia edirdi ki, "Beriko amfiteatrı" adlandırdığı bu məkanı 2005-ci ildə İtaliyanın Viçensa vilayətində yerləşən Arkunyano şəhəri yaxınlığında torpaq sürüşməsindən sonra aşkar edib.
Bir neçə il fəaliyyət göstərən turizm obyektində ziyarətçilərə guya neolit, Roma və yunan dövrlərinə aid artefaktlar nümayiş etdirilib. Teatra giriş bileti isə 40 avroya satılırdı.
2016-cı ildə İtaliya hakimiyyəti bu obyektin saxta olduğunu açıqlayıb və Viçensa prokurorluğu araşdırmaya başlayıb.
İstintaq zamanı məlum olub ki, Malosso turistlərə teatrın eramızın 393-cü ildə tikildiyini, Yuli Sezarın Kleopatra ilə birlikdə oranı ziyarət etdiyini söyləyirmiş. Tarixçilərin qeyd etdiyi kimi, bu iddia mümkün deyil, çünki göstərilən tarixlər bir-biri ilə uyğun gəlmir.
O, həmçinin həmin ərazidəki qədim kilsədə Şekspirin uydurma qəhrəmanı Cülyetta Kapuletin yaşadığını da iddia edib. Üstəlik, Verona əvəzinə Viçensanı göstərərək tarixi və ədəbi faktları qarışdırıb.
Peyk görüntüləri saxtakarlığı üzə çıxarıb
Araşdırmalar göstərib ki, tikilidə beton sütunlar, şüşəlif materiallar, papier-maşe, 2000-ci illərdə hazırlanmış heykəllər və müasir tikinti bloklarından istifadə olunub. Bütün bu elementlər köhnə görünməsi üçün xüsusi materiallarla örtülərək süni şəkildə köhnəldilib. Əraziyə hətta süni göl də əlavə edilib.
Peyk görüntülərinin müqayisəsi Malossonun təpənin yamacını hamarlayaraq bu tikilini sonradan inşa etdiyini təsdiqləyib. İddia olunduğu kimi, torpaq sürüşməsi nəticəsində burada qədim abidənin üzə çıxmasına dair heç bir sübut tapılmayıb.
Mütəxəssislər diqqətə çatdırırlar ki, tikilinin adı da yanlış seçilib. Amfiteatrlar elliptik formada olur, məsələn, Roma Kolizeyi kimi. Yarımdairəvi formalı bu tikili isə əslində teatr tipinə aiddir.
Məhkəmə Malossonu cərimələyib, həbs cəzasına məhkum edib və obyekti əvvəlki vəziyyətinə qaytarmağı tələb etsə də, saxta teatr hələ də sökülməyib.
Aydın
Şərhlər