Xəbər lenti

Qısa video izləmək emosional tükənmə və depressiyaya səbəb ola bilər
Sağlamlıq 08:45 27.07.2026

Qısa video izləmək emosional tükənmə və depressiyaya səbəb ola bilər

Qısa videoların fasiləsiz izlənilməsi nəticəsində yaranan və geniş şəkildə "beyin çürüməsi" (brain rot) kimi tanınan koqnitiv yorğunluq emosional tükənmə və depressiv əlamətlərin yaranması riskini artırır.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "PsyPost" nəşri yeni araşdırmaya istinadən yazır.

Tədqiqatın nəticələrinə görə, sonsuz video lentinin passiv şəkildə izlənilməsi psixi enerjini tükəndirir və əvvəlcə emosional yanmaya (burnout) səbəb olur. Bu vəziyyət daha sonra stress və narahatlığı gücləndirərək depressiya simptomlarının meydana çıxmasına gətirib çıxarır.

Alimlər "beyin çürüməsi" anlayışını aşağı keyfiyyətli rəqəmsal məzmunun davamlı istehlakı nəticəsində yaranan zehni dumanlılıq, diqqətin dağılması və koqnitiv yüklənmə vəziyyəti kimi izah edirlər. Bu hal texnologiya ilə bağlı ənənəvi stressdən fərqlənir. Çünki texnoloji stress adətən iş yükünün çoxluğu və ya yeni proqram təminatının öyrənilməsi ilə əlaqədar yaranır.

Passiv izləmə beyni həddindən artıq yükləyir

Tədqiqat müəllifləri bildirirlər ki, bu vəziyyət videooyun asılılığından da fərqlənir. Oyunçular virtual aləmdə aktiv iştirak etdikləri və yüksək stimul aldıqları halda, qısa videoları fasiləsiz izləyən insanlar alqoritmlərin yaratdığı passiv, demək olar ki, "zombi" vəziyyətinə düşür və özünənəzarət qabiliyyəti zəifləyir.

Bu prosesi izah etmək üçün alimlər koqnitiv yük nəzəriyyəsindən istifadə ediblər. Həmin nəzəriyyəyə görə, insanın işçi yaddaşı məhdud tutuma malikdir. Qısa videolar isə hər sürüşdürmə ilə beyni sürətlə yeni kontekstə keçməyə məcbur edir.

Məsələn, istifadəçi cəmi 30 saniyə ərzində əvvəlcə kosmosla bağlı yumoristik video, sonra faciə xəbəri, daha sonra isə kulinariya dərsi izləyə bilər. Bu sürətli keçidlər beynin məlumatı emal etməsinə, dincəlməsinə və xatirələr formalaşdırmasına imkan vermir. Nəticədə informasiya axını psixi sistemi həddindən artıq yükləyir.

Emosional tükənmə əsas risk amilidir

Araşdırma göstərib ki, "beyin çürüməsi" emosional tükənmənin ən güclü göstəricilərindən biridir. Tükənmə isə rəqəmsal mühitin psixi sağlamlığa mənfi təsir zəncirində əsas keçid mərhələsi hesab olunur.

Tədqiqatçılar vurğulayırlar ki, insanlar sonsuz rəqəmsal məzmun istehlakı nəticəsində zehni və emosional enerjilərini itirdikdə, gündəlik həyatın adi tələblərinin öhdəsindən gəlməkdə çətinlik çəkməyə başlayırlar.

Sağlamlıqla bağlı digər araşdırmalar

Bundan əvvəl həkimlər aviareyslərin insan orqanizminə gözlənilməz təsirləri barədə məlumat vermişdilər. Bildirilir ki, hazırda fövqəladə tibbi hallar təxminən hər 212 uçuşdan birində qeydə alınır. Müqayisə üçün, 2013-cü ildə bu göstərici hər 604 uçuşdan biri idi.

Həmçinin alimlər qocalmanı tam dayandırmaq mümkün olacağı təqdirdə insanın nəzəri cəhətdən nə qədər yaşaya biləcəyini araşdırıblar. Nəticələr göstərib ki, müxtəlif orqanlar DNT mutasiyalarının yaratdığı zədələrə fərqli şəkildə reaksiya verir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->