İdman 13:27 25.03.2024

Ürəyində problemlər yaranan məşhur futbolçu karyerasını bərpa etmək istəyir

Ürəyindəki problemə görə karyerasına son qoyan məşhur argentinalı futbolçu Serxio Aquero futbol meydanına qayıtmaq istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.

Aquero bildirib ki, hazırda özünü daha yaxşı hiss edir və bir neçə yoldaşlıq turnirində oynamağı planlaşdırır, bundan sonra karyerasının mümkün bərpası ilə bağlı qərar verəcək.

"İki gün əvvəl başqa bir araşdırma apardım. Hər şey çox yaxşı keçdi. İndi başqa yoldaşlıq turnirləri üçün Madridə, Meksikaya və ABŞ-a gedirəm. Orada necə olduğumu görəcəyəm və məşq etməyə davam edəcəm. Meydana qayıtmaq üçün həvəsim və istəyim var. İnsanların narahat olmasını istəmirəm. Ürəyimi narahat etsə belə, əvvəlcə yaxşılaşmaq və bəzi turnirlərdə oynamaq istəyirəm. Sonra hansı qərarı verəcəyimı baxacam. Arzu həmişə var", deyə Aquero bildirib.

Xatırladaq ki, Aquero karyerasına "İndependyente"də (2003-2006-cı illər) başlayıb. Bundan sonra o, "Atletiko” (Madrid), "Mançester Siti" və "Barselona"da çıxış edib. Aquero Argentina millisinin forması ilə 101 matç keçirib və 41 qol vurub.

Aquero 2021-ci ilin dekabrında ürək problemlərinə görə karyerasını bitirib. Daha əvvəl "İndependiente"nin baş məşqçisi Karlos Tevezin Aqueroya komanda ilə məşq etməyə icazə verdiyi bildirilirdi.

Nizami Bağırov