İdman 16:25 27.04.2023

Vaqif Cavadov: “Çox az futbolçu mənim kimi karyeraya sahibdir”

Bir neçə gün öncə "Sumqayıt”ın əvəzedicilərinin baş məşqçi vəzifəsinə Vaqif Cavadov gətirildi. Hazırda turnir cədvəlinin sonuncu pilləsində yer alan "Sumqayıt-2”in nəticələrinə bundan sonra millimizin sabiq futbolçusu cavabdehlik daşıyacaq. 

Hələ ki, əvəzedicilər səviyyəsində komanda çalışdırmaq üçün ciddi təcrübəsi olmayan veteran yarımmüdafiəçi yeni işi və qarşıdakı planları ilə bağlı Qaynarinfo-ya danışıb:

"Buna qədər U-19-da baş məşqçi idim. Mövsümün sonuna 5 tur qalmış Vüqar müəllim istefa verdi. Baş məşqçi vəzifəsi mənə təklif olundu. Şərtlərimi dedim, akademiya və klub rəhbərliyi ilə fikirlərimiz üst-üstə düşdüyü üçün komandanın "sükanı” arxasına keçdim. Gələn il əvəzedicilərlə Birinci Divizion çempionatı ayrı keçiriləcək. Çalışdırdığım U-19-un futbolçuları əvəzedicilərə cəlb olunacaq. Əslində, bu, hər yerdə belədir. "Sumqayıt-2”dəki oyunçuları da tanıyacam, kimlərlə yola davam edəcəyimə qərar verəcəm. Ola bilər ki, digər məşqçinin rəhbərliyi altında oyunu alınmayan futbolçularda bu dəfə durum dəyişər. Sabah deməsinlər ki, Vaqif müəllim məni görmədən komandadan uzaqlaşdırdı. Bu niyyətlə "sükan” arxasına keçdim. İş çoxdur, çalışacağıq "Sumqayıt-2” növbəti illərdə turnir cədvəlində daha yaxşı yerlərdə olsun və akademiyada futbolçular yetişsin”.

Cavadov əvəzedicilər səviyyəsində təcrübəsizliyinə baxmayaraq, karyerası boyunca gördüklərindən yararlanacağını və hər şeyin özündən asılı olduğunu dedi: 

"Kateqoriya alandan sonra birbaşa əvəzediciləri götürə və ya başqa komandalarda çalışa bilərdim. Burdakı şəraitə görə "Sumqayıt”ı seçdim və 16-17 yaşlı uşaqlardan ibarət komandalara 4-5 ay məşq keçdim. Daha sonra mənə U-19-da etimad göstərdilər. İndi də, sağ olsunlar, B komandasını etibar ediblər. İşləmək lazımdır, hər məşqçi üçün öyrənmək, təcrübə yığmaq çox vacibdir. Özündənrazılıq olmamalıdır. Uşaqlarla və ya böyüklərlə işləyən mşqçilər var. Ola bilər ki, məndə böyüklərlə çalışmaq alınmasın. Yenə də hər şey özümdən asılıdır. Ona görə də aşağıdan, pillə-pillə başladım. Mən də futbolçu kimi uşaqlıqdan oynamağa başlamışam. Rusiyada uşaq futbolundan ikinci, daha sonra birinci komandaya qədər yüksəlmişəm. Milliyə dəvət almışam. Azərbaycanda çox az futbolçu mənim kimi karyeraya sahibdir. Hansı ki, bütün aşağı yaş qruplarında oynayıb və milliyə qədər yüksəlib. Bu, təcrübədir və işi bilirəm. Az-çox futbol oynamışam, Azərbaycan səviyyəsində pis karyeram olmayıb. Təcrübəmdən, gördüklərimdən yararlanacam. Bunu futbolçulara bildirmək xoşdur. Kim nə öyrənsə, mənim üçün yaxşı haldır”. 

Məşqçi hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Sumqayıt-2”də nələri dəyişmək, ümumiyyətlə haradan və nədən başlamaq istədiyini də dedi:

"Mövsümün bitməsinə 4 tur qalıb. Əlbəttə, sonuncu yerdə olduqları üçün motivasiya aşağı səviyyədədir. Buna baxmayaraq inanıram ki, qalan oyunlarda özlərini layiqli şəkildə göstərəcəklər. "Zaqatala”ya məğlub olmalarına baxmayaraq yaxşı oyun nümayiş etdirdilər. Hazırda mənim üçün önəmli olan nəticələr deyil, "Sumqayıt”a futbolçu qazandırmaqdır. Komandanı vəziyyətdən necə çıxarmağa gəlincə, zaman göstərəcək. Bu mövsüm alınmasa, məncə gələn il daha yaxşı olacaq. Maksimuma ümid edirik və situasiyadan çıxmaq istəyirik. Şübhəsiz, indi heyətdə dəyişikliklər mümkün deyil. Çünki mövsüm bitir, siyahıya əlavə futbolçu salmaq olmur. Əlimizdə olanlarla çalışacağıq. Bilirdim ki, hansı şəraitdə olan komandaya baş məşqçi gəlirəm. Hədəfimiz növbəti mövsümdür. Qlobal şəkildə, ciddi bir şey yoxdur. Futbolda futbolçularla və intizamla bağlı dəyişikliklər olur. Şəraitlə, intizamla bağlı dəyişiklik olmayacaq. Çünki futbolçularda problem yoxdur. Növbəti mövsümdə əvəzedicilərdə oynamaq üçün yaxşı futbolçular var. Akademiyaya üstünlük verəcəyəm. Məndən əvvəl əsas komandaya 3-4 futbolçu cəlb olunurdu. Samir Abasovun gəlişindən sonra artıq gənclər də çox şans qazanmağa başlayıb. Əvəzedicilərdən, U-19-dan futbolçular cəlb edir. Çox yaxşı haldır”.

O, növbəti mövsümdən əvəzedicilərin Birinci Diviziondan ayrılmasına da münasibət bildirdi:
 


"Əlbəttə, ayrılması yaxşıdır. Həm futbolçuların sayı artır, həm də klublarda daha çox şans qazanacaqlar. Bu da onlar üçün bir motivasiyadır. Çox maraqlı çempionatlar keçiriləcək və məncə düzgün qərardır”.

"Sumqayıt”ın əsas komandasının da durumu istənilən səviyyədə deyil. Son oyunlarda sabit futbol sərgiləyən "Gənclik şəhəri” təmsilçisinin sabiq futbolçusu kimi, Cavadovun buna münasibəti belə oldu:

"Şəxsi fikrimdir, Samir Abasovdan başqa heç bir baş məşqçi bu etirafı etməzdi. Abasov mətbuat konfransında etiraf etdi. Geridə qalan 7-8 turla müqayisədə indi komandanın oyunu var. Əvvəlki vaxtlara nisbətən demək olar hər oyun qollar vurur. Baxmayaraq ki, yaxşı oyundan sonra 2:3 hesabı ilə məğlub oldu. Qələbə qazana bilərdilər. Futbolun gözəlliyi də bundan ibarətdir. Gərginlik hər klubda, istər "Səbail”, "Şamaxı”, istərsə "Kəpəz”də var. Çünki onlar son pillələrdə olmamaq üçün oynayırlar. Bu da məsuliyyəti artırır, futbolçuları stresə salır”.

Cavadov bu gün Premyer Liqada iştirak edən klubların əvəzedicilərinin hazırkı durumlarından danışdı:

"Jurnalistlərə həmişə demişəm ki, mənə bu sualı verməyin. U-19-ların çempionatlarına baxsanız, hər şeyi görə bilərsiniz. 19 çox vacib yaşdır. Görün hansı meydançalarda, şəraitdə oynayırlar. Onların paltardəyişmə otaqlarına baxın. Mən deməklə iş düzəlmir. Öz gözlərinizlə görəndən sonra yazacaqsınız. Görün o formalarla, toplarla, belə şəraitlə oynamaq mümkündürmü? Əksər klubların meydançaları biabırçı vəziyyətdədir, orada nəinki oynamaq, heç məşq etmək də olmaz. Bəzilərinin heç topları yoxdur. Biz isə futbolçu yetişdirmək istəyirik. Məşq prosesləri yoxdursa, necə olacaq? Hazırda ən önəmli məsələ meydança və şəraitdir”.

Səbuhi Həsənov