Xəbər lenti

İdman 14:50 19.06.2023

Vurğun Hüseynov seçiminin səbəbini dedi: “Elə təklif idi ki...”

Millinin və "Sumqayıt”ın sabiq futbolçusu Vurğun Hüseynovun yeni klubu müəyyənləşib. Təcrübəli müdafiəçi yeni mövsümdən "Kəpəz”in formasını geyinəcək. 

Bu barədə o, Qaynarinfo-ya açıqlamasında bildirib. 2013/14 mövsümündən etibarən Sumqayıt təmsilçisinin formasını geyinən Hüseynov cari mövsümün sonunda karyerasını bitirmək istədiyini desə də, "Kəpəz”in təkliflərinin onu qane etdiyi üçün belə qərara gəldiyini söyləyib.

"Əvvəl də demişdim ki, qane edən təklif olsa, hansısa məşqçi məni yanında görmək istəsə, karyeramı davam etdirə bilərəm. "Kəpəz”in baş məşqçisi Azər Məmmədov mənimlə əlaqə saxladı, şərtləri dedi. Belədə davam etmək qərarına gəldim. Elə təklif idi ki, imtina edə bilmədim. Azər müəllimin olması da önəmli rol oynadı. Həm də maliyyə cəhətdən yaxşı idi. "Sumqayıt”dakından nə az, nə də çoxdur Məbləği açıqlamaq istəmirəm. "Sumqayıt”da isə futbolçu deyil, məşqçi kimi klubda qalmağı təklif etmişdilər. "Kəpəz” variantı mənim üçün daha üstün oldu. Gəncəyə təkcə maliyyəyə görə getmirəm. Bütün şərtlər qaneedici idi”.

Maraqlıdır, Vurğuna həm də hazır olduğu müddətdə daimi olaraq əsas heyətdə oynamaq və kapitanlıq sözü veriblərmi?

"Heç bir məşqçi futbolçuya daimi əsas heyət sözü verə bilməz. Bu özümə baxmağımdan, necə oynayacağımdan asılı olacaq. Həm meydanda, həm də kənarda özümü nümunəvi təcrübəli futbolçu kimi aparmalıyam ki, etimadı doğruldum. Kapitanlıq məsələsi barədə heç danışmamışıq. Kapitan kim olur-olsun, əsas odur "Kəpəz” yaxşı nəticə qazansın. Mənim üçün kapitanın kim olmasının fərqi yoxdur. Təcrübəli futbolçu kimi gənclərə dəstək olmalı, yol göstərməliyəm”.

Təcrübəli müdafiəçi Gəncə təmsilçisi ilə birillik müqavilə bağlayacaq:

"Kəpəz”lə birillik müqavilə bağlayacağam. Sonrası növbəti təkliflərdən asılı olacaq. Yeni mövsüm başlasın, salamatlıq olsun. Hər şey yaxşı olduqdan sonra davam edə bilərəm. Düzdür, bu yaşda futbolçular Azərbaycanda "qoca” sayılır. Çünki gənc yaşlarımızdan, neçə illərdir futbol oynayırıq. Amma özümü yaxşı hiss edirəm. Belə olmasa, müqavilə bağlamazdım. Qismətdir, Azər müəllim baş məşqçi oldu və məni yanında görmək istədi. Hər şey qane etdi, razılaşdıq”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->