Bu il xaricə kartofun kiloqramını 59 qəpiyə satmışıq. Bu rəqəmlər rəsmi mənbələrdə qeyd olunub.
Açıqlanan məlumatlarda qeyd olunub ki, ötən ilin eyni dövründə bu göstərici 0,30 dollar (təxminən 51 qəpik) olub. Bu isə o deməkdir ki, orta ixrac qiyməti illik müqayisədə 16,7% artıb.
Hazırda Aəzrbaycan bazarında yerli kartofun bir kiloqramının qiyməti 1-1.5 manat arası təklif olunur. İqtisadçılar tərəfindən aman-zaman yerli istehsalın daxili bazarı təmin etmədiyi qeyd olunur.
Bəs niyə xaricə kartof 59 qəpiyə gedir, amma daxildə 1-1.5 manatdan satılır?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya deyib ki, xaricə göndərilən kartofun qiymətinin aşağı olması bir neçə səbəblə izah oluna bilər:
"Xarici bazarlarda tələbat, valyuta fərqləri, məhsulun maya dəyərı və ixracçı şirkətlərin rəqabəti qiymətləri aşağı sala bilər. Məsələn, Azərbaycan fermeri dizel yanacağının 1,1 manata, iranlı fermər isə 60 dəfə ucuz, yəni 2 qəpiyə alır və bu məhsulun maya dəyərini ciddi şəkildə aşağı salır”.
Akif Nəsirlinin sözlərinə görə, daxili bazarda isə tələb daha stabil və daimi olduğundan qiymətlər nisbətən yüksək olur:
"Bundan başqa, daşınma, satıcı marjası və digər xərclər daxili qiymətə təsir edir".
"Fermerlər üçün ixrac, yoxsa daxili bazar daha sərfəlidir" sualına cavab olaraq ekspert bildirib ki, sərfəlilik vəziyyətindən asılıdır:
"Əgər ixrac üçün xərclər (daşıma, gömrük, vergi) çox deyilsə və xarici bazar həcmi böyükdürsə, ixrac sərfəli ola bilər. Amma daxili bazarda daha yüksək qiymət olarsa, fermer məhsulu ölkə daxilində satmaqla daha çox gəlir əldə edə bilər".
Dövlətin daxili bazar və ixracat arasındakı qiymət fərqini tənzimləməsi haqqında da danışan Akif Nəsirli deyib ki, qiymətlər bir neçə üsulla tənzimlənə bilər:
"Məsələn, ixrac rüsumları və ya kvotalar tətbiq edərək xaricə çıxan məhsulu məhdudlaşdıra, subsidiya və dəstək proqramları ilə daxili satışları stimullaşdıra, yaxud fermerlərə birbaşa alış qiyməti zəmanəti verə bilər. Bu, həm daxili bazarda qiymət stabilliyini təmin edir, həm də fermerləri qoruyur".
Günay İlqarqızı
Şərhlər