Dünya 20:40 29.10.2023

Xəzər sahillərində çoxsayda suiti və nərə balığı leşləri tapıldı

Xəzər dənizinin Tüpkaraqan yarımadasının sahilində suiti cəsədləri aşkar edilib.

Bu barədə Almatı Hidrobiologiya və Ekologiya İnstitutunun əməkdaşları məlumat veriblər.

İnstitutun elmi işçisi, ölmüş Xəzər suitilərinin histoloji tədqiqatları ilə məşğul olan Cazirə Sıdıkovanın sözlərinə görə, vəziyyəti qiymətləndirmək və nümunələr götürmək üçün təcili ekspedisiya göndərilib. Hadisə yerinə gələn kimi institutun əməkdaşları tədqiqat üçün balıq və suitilərdən nümunələr götürüblər.

Hələ alimlər gəlməmişdən əvvəl 51 cəsəd Bautino kəndi yaxınlığındakı poliqona aparılıb. Ərazidə həmçinin kəskin parçalanma mərhələsində olan 75 nərə balığı leşi də aşkar edilib.

Alimlər bildirirlər ki, tapıntılar oktyabrın 10-11-də güclü şimal və şimal-qərb küləkləri ilə bağlıdır. /Oxu.az