Xəbər lenti

Yay fəsli 42 gün uzanacaq... - Amma bu, yaxşı xəbər deyil
Dünya 22:34 04.12.2025

Yay fəsli 42 gün uzanacaq... - Amma bu, yaxşı xəbər deyil

Yay fəsli bir az daha uzun çəksə, çoxları bunu istəyərdi. Amma bu arzumuzun gerçəkləşməsi planetimiz üçün heç də müsbət nəticə vəd etmir. 

Qaynarinfo xəbər verir ki, son araşdırmaya görə, xüsusilə ucuz enerji üçün kömür yandırmaq kimi insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi Avropada yayları 2100-cü ilə qədər tam 42 gün uzada bilər.

Bunun əsas səbəbi Şimal qütbü ilə Ekvator arasındakı temperatur fərqini ifadə edən "enlik temperatur qradiyenti"nin (LTG) azalmasıdır. Normal halda yüksək LTG Atlantik okeanı üzərində külək sistemlərini formalaşdırır və mövsümi temperatur dəyişikliklərini təmin edir. Lakin LTG azaldıqca yay hava sistemləri və isti hava dalğaları qitə boyunca daha uzun çəkir.

Araşdırmanın müəlliflərindən Dr. Laura Boyall deyir: "Nəticələrimiz bu vəziyyətin yalnız müasir bir fenomen olmadığını göstərir; bu, Yer iqlim sisteminin təkrarlanan xüsusiyyətidir. Lakin indi fərqli olan şey dəyişimin sürəti, səbəbi və intensivliyidir".

Min illərlə geriyə gedən iqlim izləri nə deyir?

Avropanın iqlim tarixini araşdırmaq üçün alimlər göl dibindəki çöküntü qatlarını analiz edib. Mövsümi şəkildə yığılan bu tortular 10 min il əvvələ qədər uzanan qış və yay mövsümlərinin dəqiq zaman xəritəsini ortaya qoyur.

Təxminən 6 min il əvvəl LTG-dəki təbii dalğalanmalar səbəbindən Avropa yayları təxminən səkkiz ay davam edirdi. Lakin bu gün vəziyyət fərqlidir. İstixana qazlarının təsiri ilə Arktika qlobal ortalamadan dörd dəfə daha sürətli istiləşir. Tədqiqatçılar LTG hər 1°C azaldıqda Avropa yaylarının təxminən altı gün uzandığını hesablayıb. Bu da mövcud iqlim proqnozlarına əsasən Avropanın 2100-cü ilə qədər əlavə 42 yay gününə malik olacağı anlamına gəlir.

"Royal Holloway"də baş tədqiqatçı olan Dr. Kelia Martin-Puertas bildirir: "Araşdırmamız Avropa mövsümlərinin min illərdir temperatur qradiyenti tərəfindən tənzimləndiyini ortaya çıxardı. Bu, gələcək dəyişiklikləri daha dəqiq proqnozlaşdırmağa kömək edəcək mühüm məlumatdır".

O qeyd edib ki, nəticələr Avropa hava şəraitinin qlobal iqlim dinamikası ilə necə sıx bağlı olduğunu və keçmişi anlamağın sürətlə dəyişən planetin çətinlikləri ilə mübarizədə hansı dərəcədə həyati rol oynadığını göstərir.

Bu araşdırma 19 noyabr tarixində "Nature Communications" jurnalında dərc edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->