Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib.
Belə ki, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarışın verilməsinə görə 50 manat, çıxarışın dublikatının verilməsinə görə 10 manat, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə isə 25 manat dövlət rüsumu müəyyənləşib.
Yeni rüsumların tətbiqi toxumçuluq sektorunda qeydiyyat və sertifikatlaşdırma prosesinə, eləcə də toxumun son satış qiymətinə mümkün təsirləri gündəmə gətirir.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda toxumçuluq sektorunun əsas problemini yalnız sertifikatlaşdırma və qeydiyyat mexanizmləri ilə əlaqələndirmək düzgün olmaz:
"Azərbaycanda toxumçuluq sektorunun əsas problemini yalnız sertifikatlaşdırma və qeydiyyat mexanizmləri ilə əlaqələndirmək düzgün olmaz. Sertifikatlaşdırma əslində bazarda keyfiyyətə nəzarət üçün vacib mexanizmdir. Hazırda sertifikatlı toxumun izlənməsi üçün QR kod və rəqəmsal texnologiyalardan da istifadə olunur. Qanunvericiliyə görə, uyğunluq sertifikatı olmayan toxumların ticarət dövriyyəsinə buraxılması qadağandır.
Daha fundamental məsələ isə ölkədə yüksək məhsuldarlıqlı, yerli şəraitə uyğun və rəqabətqabiliyyətli toxum istehsalının kifayət qədər genişləndirilməsidir. Yəni sertifikatlaşdırma prosesi nə qədər təkmil olsa da, bazarda keyfiyyətli yerli toxumun həcmi yetərli deyilsə, fermer yenə də idxal toxumundan asılı qalacaq. Toxumçular da qeyd edirlər ki, keyfiyyətli və yüksək reproduksiyalı toxumla təminat məhsuldarlığın artırılmasının əsas şərtlərindən biridir".

Ekspert yeni dövlət rüsumlarının toxumun qiymətinə mümkün təsirirləri haqqında danışıb:
"Yeni dövlət rüsumlarına gəlincə, onların toxumun qiymətinə təsir etməsi mümkündür, amma bu təsirin böyük olması mütləq deyil. Rüsum toxum istehsalçısının ümumi xərclərinin yalnız bir hissəsini təşkil edirsə, onun son satış qiymətinə təsiri məhdud olacaq. Lakin xüsusilə kiçik toxum istehsalçıları üçün qeydiyyat, laboratoriya, sertifikatlaşdırma və digər inzibati xərclərin bir neçə istiqamətdə artması məhsulun maya dəyərinə əlavə yük yarada bilər.
Ona görə burada əsas məsələ rüsumların mövcudluğu deyil, onların məbləğinin və tətbiq mexanizminin necə qurulmasıdır. Dövlət bir tərəfdən keyfiyyətə nəzarəti gücləndirməli, digər tərəfdən yerli toxumçunun üzərinə elə maliyyə yükü qoymamalıdır ki, bu, istehsalın genişlənməsinə mane olsun.
Ən optimal yanaşma yerli toxum istehsalçılarına dəstəyin artırılması, elmi-tədqiqat müəssisələri ilə toxumçuların əməkdaşlığının gücləndirilməsi, məhsuldar və iqlimə davamlı yeni sortların yaradılması və sertifikatlaşdırmanın daha sürətli və şəffaf həyata keçirilməsidir. Belə olduqda həm fermer daha keyfiyyətli toxum əldə edər, həm məhsuldarlıq yüksələr, həm də idxaldan asılılıq azalır".
Günay İlqarqızı
Şərhlər