XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan güc mərkəzləri arasında balansı necə qoruyur? - Politoloqdan açıqlama
Siyasət13:21 14.08.2026

Azərbaycan güc mərkəzləri arasında balansı necə qoruyur? - Politoloqdan açıqlama

Azərbaycan son illərdə xarici siyasətdə müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq quraraq balanslaşdırılmış siyasət yürütməyə çalışır. Bakı bir tərəfdən Rusiya və Çin kimi böyük dövlətlərlə iqtisadi və siyasi əlaqələri qoruyur, digər tərəfdən Türkiyə ilə müttəfiqlik münasibətlərini dərinləşdirir, Avropa İttifaqı və ABŞ-la enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirir. Eyni zamanda Mərkəzi Asiya ölkələri ilə münasibətlər də Azərbaycanın xarici siyasətində getdikcə daha mühüm yer tutur.

Xüsusilə regionda geosiyasi rəqabətin, nəqliyyat və enerji layihələri uğrunda mübarizənin gücləndiyi bir dövrdə Azərbaycanın müxtəlif tərəfdaşlarla münasibətlərini eyni vaxtda davam etdirməsi ölkənin xarici siyasət imkanları baxımından diqqət çəkir.

Bəs Bakı müxtəlif güc mərkəzləri arasındakı rəqabətdən öz maraqları üçün nə dərəcədə istifadə edə bilər?

Azərbaycan eyni vaxtda Rusiya, Türkiyə, Avropa İttifaqı, ABŞ, Çin və Mərkəzi Asiya ölkələri ilə strateji əməkdaşlığı qoruyub saxlaya biləcəkmi?

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib ki, Azərbaycan kimi ölkələr üçün balanslaşdırılmış xarici siyasətin alternativi yoxdur:

“Tarix göstərir ki, bu dəst-xəttin alternativi yoxdur. Hər halda Azərbaycan kimi ölkələr üçün. Niyə? Çünki hər hansısa bir güc mərkəzinin birmənalı tərəfini saxlasaq, onda biz bu güc mərkəzlərinin rəqabətinin arenasına çevriləcəyik, yəni meydana çevriləcəyik. Və bu da öz növbəsində nə Azərbaycan dövlətinə, nə Azərbaycan xalqına heç bir mənafəət qazandırmayacaq.

Əksinə, tarix, elə hadisələr göstərir ki, güc mərkəzləri, dünya güc mərkəzlərinin rəqabətinin arenasına çevrilən ölkələr açıq müharibələrə, deməli, cəlb olunurlar. Yəni maraqlar münaqişəsi yox, açıq, birmənalı konfliktlərə, münaqişələrə, yəni müharibələrə cəlb olunurlar, müharibələrin iştirakçısına çevrilirlər. Bu da, əlbəttə ki, ən acı nəticələrlə həmin bu ölkələri üzləşdirir.

Yəni elə nümunələr çoxdur. Postsovet məkanında da bu cür nümunələr var. Və bu da onu göstərir ki, belə siyasət, yəni hansısa bir gücün tərəfinə biz söykənsək, bu güc tərəfindən idarə olunacağıq. Son nəticə etibarilə bunun və həmin o gücün maraqları çərçivəsində biz fəaliyyət göstərməli olacağıq. Bax, problem bundan ibarətdir.

Əlbəttə ki, bu cür problemlərin yaşanmaması üçün mütləq və mütləq balanslaşdırılmış siyasət aparılmalıdır və bu siyasət yenə də öz maraqlarımızın reallaşdırılmasına xidmət etməlidir. Yəni burada əsas məqsəd güc mərkəzlərinin münaqişə obyektinə çevrilməməkdir və öz maraqlarımızın ifadəsi əsasdır”.

Politoloqun sözlərinə görə, müxtəlif güc mərkəzləri arasında rəqabətin mövcud olması Azərbaycanın maraqlarına zidd deyil. Əsas məsələ bu rəqabətin ölkənin əleyhinə deyil, iqtisadi və strateji üstünlüklər qazanmaq üçün istifadə edilməsidir:

“Bu o demək deyil ki, həmin bu güc mərkəzlərinin rəqabəti bizdən yan keçəcək. Bu belə deyil. Rəqabət olacaq və hal-hazırda da mövcuddur. Sadəcə olaraq, biz bu siyasi rəqabəti iqtisadi rəqabətə çevirə bilmişik və məhz iqtisadi rəqabət, yəni bu güclərin iqtisadi rəqabəti əsasında hal-hazırda Azərbaycana və regiona maraq artır.

Yəni burada yol-nəqliyyat infrastrukturunun, yeni yol-nəqliyyat infrastrukturunun təşkili, eyni zamanda enerji resurslarının istismarı ilə bağlı yeni enerji layihələrinin həyata keçirilməsi ilə bağlı olan bu rəqabət Azərbaycana böyük üstünlüklər qazandırır. Belə ki, Azərbaycan öz tərəfdaşlarını özü seçir.

Digər tərəfdən, Azərbaycanın tərəfdaşları bir-birinin rəqabət dayanıqlılığının artırılması üçün Azərbaycana daha gözəl təkliflər edirlər və daha gözəl təkliflərlə müxtəlif layihələrdə iştirak edirlər. Bu da Azərbaycana həm seçim verir, həm də bu investisiyaların, sərmayələrin keyfiyyətinin artırılmasına gətirib çıxarır.

Və belə rəqabət bizim üçün əslində çox əlverişlidir. İndi əsas məqsəd bundan ibarətdir ki, oyun qaydalarını biz müəyyən edək. Yəni rəqabət aparan ölkələr yox, biz özümüz müəyyən edək. Əlbəttə, bunu biz öz dost, qardaş, yaxın ölkələrlə edirik. Yəni Mərkəzi Asiya ölkələri ilə, qardaş Türkiyə ilə bu cür oyun qaydaları müəyyən olunub.

Müxtəlif sahələrdə – siyasi, iqtisadi, nəqliyyat, logistika sahələrində – bax, bu oyun qaydaları müəyyən olunur və kənar iştirakçılar məhz bizim müəyyən edilmiş oyun qaydaları ilə hərəkət etməyə məcbur olurlar. Bax, yəni biz rəqabəti üstünlüyə çevirə bilmişik. Yəni güc mərkəzlərinin rəqabətini üstünlüyə çevirə bilmişik.

Bəzi ölkələr, təəssüflər olsun ki, güc mərkəzlərinin rəqabətinin qurbanlarına çevriliblərsə, biz, əksinə, bunu bir mənfəət kimi, öz mənfəətimiz kimi əldə etmişik. Bu da praqmatik, uzunmüddətli siyasətin nəticəsidir”.

İlqar Vəlizadə hesab edir ki, Azərbaycanın bu siyasətinin davamlılığında ölkənin siyasi təcrübəsi də mühüm rol oynayır:

“Bu siyasətin bünövrəsini ümummilli lider Heydər Əliyev qoyub, prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Yeri gəlmişkən, Heydər Əliyev çox təcrübəli siyasətçi olub, İlham Əliyev də çox təcrübəli siyasətçidir. Böyük ölkələrlə münasibətlərdə təcrübə qazanmış insanlardır. Onların çox mükəmməl təhsil bazaları var. Bunlar hamısı indiki zamanda şərtdir. Yəni sən mütləq və mütləq səriştəli siyasətçi olmalısan. Çox mürəkkəb proseslərdən agah olmalısan və çox mürəkkəb vəziyyətdə ölkəni, yəni əslində kiçik bir ölkəni idarə etmək asan bir məsələ deyil.

Elə idarə etmək ki, hansısa kənar güclərin əlində alətə, vasitəyə çevrilməyəcək. Buna görə də, bax, bu amilləri nəzərə alaraq vurğulamaq lazımdır ki, çox yəqin ki, gələcəkdə də Azərbaycan öz prinsiplərindən, yəni xarici siyasi prinsiplərdən imtina eləməyəcək və yeni şəraitlərdə onları daha da möhkəmləndirəcək”.

Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.