ABŞ-ın Kolorado ştatında evin satışı ilə bağlı qeyri-adi elan sosial şəbəkələrdə viral olub.
Qaynarinfo xəbər verir ki, bu barədə “New York Post” yazıb.
Alıcılara 215 min dollara üçotaqlı ev təklif olunur. Lakin burada bir məqam var: evi satın almadan əvvəl içərisinə baxmaq mümkün deyil və sövdələşmədən sonra yeni sahib hazırkı sakinin evdən çıxarılması məsələsini özü həll etməli olacaq.
Elanın özündə açıq şəkildə qeyd olunur ki, ev “sakinlə birlikdə” satılır, hər hansı baxış və texniki yoxlama qadağandır, binanın daxilinin vəziyyəti isə məlum deyil. Əmlaka faktiki giriş əldə etmək üçün bütün məsuliyyət satınalmadan sonra alıcının üzərinə düşür.
Evdə Tori MakMekan yaşayır. O, 2006-cı ildə əri ilə birlikdə bu evə köçüb. Əri 2010-cu ildə vəfat etdikdən sonra əmlak bankla uzunmüddətli mübahisəyə cəlb olunub.
Qadının sözlərinə görə, kredit ərinin adına rəsmiləşdirilib və bank guya ondan ödənişləri qəbul etməkdən imtina edib. Son 15 il ərzində evlə bağlı ən azı altı məhkəmə araşdırması başlanıb. MakMekan isə iki dəfə məhkəmə yolu ilə əmlakın geri alınmasının qarşısını almağa çalışıb, lakin iddiaları rədd edilib.
Məhkəmənin növbəti qərarından sonra ev satışa çıxarılıb. Bununla belə, MakMekan evi könüllü şəkildə tərk etmək niyyətində olmadığını bildirir.
“Mən burada qalıram. Gələ bilərlər, amma heç yerə getməyəcəyəm”, deyə qadın bildirib.
Elan qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və milyonlarla baxış toplayıb. İstifadəçilər zarafatla bildiriblər ki, 215 min dollara alıcıya ev deyil, “sürpriz qutu” təklif olunur.
Aydın
Şərhlər