ABŞ-da aparılan yeni araşdırma göstərib ki, sürücülər getdikcə daha çox ağ, qara və boz rəngli avtomobillərə üstünlük verirlər. İstehsalçıların geniş rəng seçimi təqdim etməsinə baxmayaraq, alıcıların əksəriyyəti neytral çalarlara üstünlük verir.
Qaynarinfo xəbər verir ki, "iSeeCars" portalının 2025-ci il üzrə apardığı araşdırmanın nəticələrinə görə, ağ rəng son 30 ildə olduğu kimi, bu gün də ən populyar avtomobil rəngidir. Alıcıların 25,7 faizi məhz ağ avtomobil seçib. Onu qara (23,4 faiz) və boz (22,9 faiz) rənglər izləyir. Beləliklə, bu üç rəng birlikdə avtomobil bazarının 72 faizini təşkil edir.
Gümüşü rəng son 30 ildə 7,3 faizdən 8,4 faizə yüksəlib. Hazırda isə bazar payına görə 9,1 faiz göstərici ilə mavi rəngdən geri qalır.
Araşdırmaya əsasən, ABŞ avtomobil bazarında axromatik rənglər – ağ, qara, boz və gümüşü – ümumilikdə bazarın 80,4 faizini təşkil edir. Bir vaxtlar geniş yayılmış qırmızı və yaşıl rənglər isə populyarlığını əhəmiyyətli dərəcədə itirib.
"iSeeCars” analitiki Karl Brauer bildirib ki, boz tonlu avtomobillərin uzunmüddətli üstünlüyü artıq zirvə nöqtəsinə çatmış ola bilər.
"Bir neçə il əvvəl elə görünürdü ki, boz çalarlardan kənar rənglər tamamilə yox olacaq. Lakin 2020-ci ildən etibarən axromatik rənglərin bazardakı payı təxminən 80 faiz səviyyəsində sabitləşib. Bu isə gələcəkdə daha müxtəlif rəngli avtomobillərin bazarda az da olsa yer tutacağına ümid yaradır”, deyə o bildirib.
Araşdırmada qeyd olunur ki, bazarın axromatik rənglərə keçidi tədricən baş verib.
Gümüşü rəng 1996-cı ildə bazarın 7,3 faizini təşkil etdiyi halda, 2000-ci illərin ortalarında bu göstərici təxminən 19 faizə yüksəlib. Sonradan isə yenidən azalaraq 2025-ci ildə 8,4 faizə enib.
Boz rəng isə davamlı artım nümayiş etdirərək 3,6 faizdən 22,9 faizə yüksəlib və demək olar ki, qara rənglə eyni səviyyəyə çatıb.
Qara və ağ rənglər də son onilliklərdə bazardakı payını artırıb. Qara rəng əsasən 2000-ci illərin əvvəllərində, ağ rəng isə 2010-cu ildən sonra daha da populyarlaşıb.
Əksinə, 1996-cı ildə populyarlıq baxımından ikinci və dördüncü yerləri tutan qırmızı və yaşıl rənglər son 30 ildə bazarda mövqelərini əhəmiyyətli dərəcədə itirib.
Digər rənglərin əksəriyyəti ya bazar payını azaldıb, ya da aşağı səviyyədə qalıb. Narıncı isə populyarlığını artıran yeganə parlaq rəng olsa da, onun bazardakı payı cəmi 0,3 faiz təşkil edir.
Krossover və SUV modellərində də ağ, qara, boz və gümüşü rənglər demək olar ki, tam üstünlük qazanıb.
1996-cı ildə bu seqmentdə axromatik rənglərin payı 43,8 faiz olduğu halda, 2025-ci ildə bu göstərici 79,3 faizə yüksəlib.
1996-cı ildə SUV-lər arasında ikinci ən populyar rəng olan yaşılın payı 21,3 faizdən 2,9 faizə düşüb. Qırmızı rəng də ciddi geriləyib, mavi isə nisbətən sabit qalaraq 9,5 faizə yüksəlib.
Ümumi tendensiyadan fərqli olaraq, idman avtomobillərində parlaq rənglər hələ də geniş yayılıb.
Bu seqmentdə qeyri-axromatik rənglərin payı 36,2 faiz təşkil edir ki, bu da ümumi bazardakı göstəricidən (19,6 faiz) təxminən iki dəfə çoxdur.
Mavi, sarı, bənövşəyi və narıncı rənglərin populyarlığı artıb. Qırmızı rəng əvvəlki illərlə müqayisədə geriləsə də, 10,8 faiz göstərici ilə idman avtomobilləri arasında hələ də ən geniş yayılmış rənglərdən biri olaraq qalır.
Nəticələr 1996–2025-ci il model avtomobillərinə aid 22 milyondan çox işlənmiş avtomobilin 2025-ci ilin yanvarından 2026-cı ilin may ayınadək olan satış məlumatlarının təhlili əsasında hazırlanıb.
Mütəxəssislər bildirirlər ki, son 30 ildə avtomobil bazarı rəng müxtəlifliyindən uzaqlaşaraq əsasən ağ, qara, boz və gümüşü rənglərin üstünlük təşkil etdiyi bazara çevrilib. Axromatik rənglərin artım tempi əvvəlki qədər yüksək olmasa da, parlaq rəngli avtomobillər 30 il əvvəlki dövrlə müqayisədə hələ də xeyli az yayılıb.
Aydın
Şərhlər