Ölkə 12:52 12.05.2022

Zeynəb Kazımova yeni vəzifəyə təyin edildi

Zeynəb Kazımova Bakı Slavyan Universitetinin (BSU) yeni yaradılmış Mətbuat və informasiya mərkəzinin müdiri təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib.

"Bakı Slavyan Universitetinin yeni yaradılmış Mətbuat və informasiya mərkəzi həm sözügedən ali təhsil ocağının media ilə əlaqələrini, həm BSU TV və radiosunun fəaliyyətini, həm də bu Mərkəzin iş planına uyğun olaraq, müvafiq layihə və təlimləri koordinasiya edəcək. Bu fəaliyyətin peşəkar və yüksək səviyyədə həyata keçirilməsi üçün əziz həmkarlarım, media nümayəndələri - sizinlə əməkdaşlığımız, ünsiyyətimizin hər zamankı kimi yüksək səviyyədə olacağına əminəm. Bundan əvvəlki qurumlarda olduğu kimi, burada da təmsil etdiyim qurumun nüfuzunun qorunması, media ilə işin yüksək səviyyədə qurulması, işə peşəkarlıqla və vicdanla yanaşılması prinsiplərinə sadiq qalıram. Hər zamankı kimi, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə, vicdanla gələrək, xalqıma, dövlətimə faydalı olmağı davam etdirəcəyəm", - Z.Kazımova qeyd edib.

Qeyd edək ki, Zeynəb Kazımova Azərbaycanın yeganə fransızdilli "Le Carrefour” qəzetinin baş redaktorudur. O, bir müddət əvvəl Hesablama Palatasının mətbuat katibi təyin edilsə də, qısa zaman sonra öz ərizəsi ilə işdən çıxıb. Ondan əvvəl isə Dövlət Gömrük Komitəsi Akademiyasının mətbuat xidmətinin rəhbəri kimi çalışıb.