İdman 12:18 12.08.2023

"Zirə"nin nigeriyalısı Bakını bəyənib: "Məşq olmayanda vaxtımın böyük hissəsini..." (MÜSAHİBƏ)

Mövsümə uğurlu başlayan komandalardan biri də "Zirə” oldu. Azərbaycan Premyer Liqasının ilk turunda "Qarabağ”la qarşılaşan Rəşad Sadıqovun kollektivi matçdan 1:0 hesablı qələbə ilə ayrıldı.

Komandanın nigeriyalı futbolçusu Abbas İbrahim Qaynarinfo-ya müsahibəsində "Qarabağ”la oyundan danışıb. O, meydandan kənarda boş vaxtını necə keçirməsi, Portuqaliya çempionatı ilə bağlı da sualları cavablandırıb.

- Ötən mövsümün qış fasiləsindən bəri formasını geyindiyin "Zirə” haqda fikirlərin necədir?

- Hamı yay tətilindən qayıtdıqdan sonra durumumuz daha da yaxşı oldu. Düşünürəm ki, zehnimiz indi daha güclüdür və diqqətimizi cəmləmişik.

- Komandada yay fasiləsindən sonra hansı dəyişikliklər diqqət çəkir?

- Fasilə zamanı komandanı tərk edən çoxlu oyunçular oldu. Lakin indi bütün mövqeləri gücləndirdiyimiz üçün şadıq. İnşallah gözəl bir mövsüm keçirəcəyik. 

- Yeni mövsümə uğurlu başladınız. Eyni zamanda "Qarabağ” üzərində qələbə gözlənilməz oldu…

- "Qarabağ"la oyuna yaxşı hazırlaşmışdıq, həmişəkindən daha çox motivasiyalı idik.

- Ötən mövsüm avrokuboklara vəsiqə qazanmaq uğrunda "Qəbələ” ilə mübarizədə uduzdunuz. Bu il hansı klubları ciddi rəqib kimi görürsən?

- Bütün klublar bu mövsümə yaxşı hazırlaşıb. Ancaq bizim daha çox təcrübəmiz var və bundan öz xeyrimizə istifadə edəcəyik.
 


- Artıq bir neçə aydır içində olduğun Azərbaycan Premyer Liqası haqda fikirlərin necədir? Nigeriya futbolu ilə Azərbaycan futbolunu müqayisə edə bilərsən?

- Nigeriya futbolu yaxşıdır. Lakin Azərbaycan futbolu həm imkanları, həm də müasir texnologiyaları ilə çox irəlidədir.

- Karyerana baxanda daha çox Portuqaliya klublarında oynadığın görünür. 25 yaşın var. İnkişaf perspektivi daha çox olan Portuqaliya çempionatından Azərbaycana gəlməyində əsas rol oynayan amillər nə oldu?

- Portuqaliya liqası illərdir dünya futbolunun zirvəsindədir. Amma Azərbaycan çempionatı da həmin səviyyəyə doğru irəliləməkdədir.

- Bakı, Azərbaycan haqda fikirlərin necədir? Boş vaxtlarını necə və kimlərlə keçirirsən? Ümumiyyətlə, ölkəmizdəki sosial durumu necə qiymətləndirirsən?

- Bakını çox bəyənirəm. Çox sakit və gözəl insanları var. Məşq olmayanda vaxtımın böyük hissəsini ailəmlə keçirirəm. Əcnəbilərə kömək etməyə hər zaman hazır olan insanlarla sosial vəziyyət əladır.

Səbuhi Həsənov