Vaxtilə amerikalıların çox məşhur bir deyimi vardı, özü də diktator Somosa haqda: "Somosa köpək oğludur, amma bizim köpəkoğludur!"
İndi bizim türk dünyası və müsəlman aləminin də azı yarısı deməyə çalışır ki, Tramp da köpəkoğludur, amma deyəsən bizim köpəkoğludur!
Təkcə Zənzəzur dəhlizinin reallaşmasına dəstək verməyə çalışdığına, amerikalı türkü az qala, səhiyyə naziri təyin etdiyinə görə yox, həm də ona görə ki, NATO-nun sammiti ərəfəsində Ankarının ünvanına elə təriflər dedi ki, adam lap məəttəl qaldı, xüsusən də nəzərə alanda ki, biz şərqlilər sinov gedirik, ölürük tərifçün.
Amma mən dərhal burada iki–üç nüans sezdim.
Birincisini prezident Trampın özü dedi. Belə məlum oldu ki, guya Türkiyə İranın tərəfində İsrailə qarşı müharibəyə qoşulmaq istəyib, amma Amerika prezidenti bunu dayandırıb. Burada Trampın bir açıqlaması da yada düşür. ABŞ prezidenti demişdi ki, İsrail bu gün bir dövlət kimi məhz onun sayəsində mövcuddur. Görünür, o, məhz bu detalı nəzərdə tuturmuş.
İkincisi budur ki, Tramp Türkiyə səfəri zamanı bu ölkə, onun müdafiə qabiliyyəti haqqında çox təriflər dedi. Türkiyənin üstünlüyü onun əsgəri gücündədir, digər NATO ölkələri bu sarıdan "axsayır” və Ankara İsraillə ABŞ-ın tərəfində əsgəri gücünü işə salsaydı, Tramp da, Netanyahu da lap onun başına dönərdilər...
Üçüncü cəhət budur ki, Tramp Türkiyəni tərifləyir, amma "Patriot”ları bu ölkəyə satmadı, əvəzində onların istehsalı üçün Kiyevə lisenziya verir və bu, da azmış kimi sanki Ankaranın boynuna ip salıb F-35-lərlə, sanksiyalarla onun istədiyi səmtə sürümək istəyir. Alınacaqmı? Mənə elə gəlir yox.
Sammit ərəfəsində Netanyahu Türkiyədən ABŞ-a şikayət edəcəyini deyirdi və etdi də. Nəticəsi? Təl-Əviv və Ankara dost oldumu? Güman etmirik. Dostlar arasında səmimiyyət olur, amma bu indi nəinki Ərdoğan və Netanyahu, heç İsraillə Türkiyə arasında belə yoxdur.
O ki qaldı sammitin digər təfərrüatlarına, deyəsən, Vaşinqton-Tehran barışığı alınmayacaq. Əsas da Ukrayna məsələsində qətiyyət və konkretlik duyuldu. Zelenski sammitdə az qala üzv dövlətin prezidenti kimi iştirak edirdi və bu il onun 70 milyard avro alacağı məlum oldu.
Üstəlik, ABŞ da, Avropa da tədricən mədəni müharibə siyasətindən nəniki əl götürür, hətta Moskvadakı enerji "toçkaları”nın vurulmasını nəinki dəstəkləyir, həm də bunu sülhü yaxınlaşdıracaq bir tədbir kimi təqdim edirlər.
Amma mənə elə gəlir ki, Ukrayna müharibənin coğrafiyasını bir az genişləndirsəydi, dəyişsəydi yaxşı olardı. Tələbəlik vaxtı bizə Hava Hücumundan Müdafiə Sistemlərini öyrədirdilər. Moskvanın çox güclü müdafiəsi var. O vaxt buna ikiqat müdafiə həlqəsi deyirdilər, bəlkə də bundan da çox idi, bir neçə həlqə idi. İstisna deyil ki, son illərdə sistem bir az da təkmilləşdirilib. Ona görə də hücum üçün digər hədəfləri də nəzərdə tutmaq olar. Əlbəttə, bunları söyləmək, yazmaq bir qədər çətin məsələdir, çünki bu hücunlar zamanı Putin, onun generalları zərər görməyəcək, bunu adi-sadə insanlar, xüsusən də uşaqlar görəcək, həm də bir psixoloji hücum kimi. Amma nə etmək olar? Müharibə müharibədir!
İndi qlobal təhlükəsizlik filosofları "Dünya məchulluğa qərq olur” desələr də, əslində məsələ bir az başqa cürdür; Dünya məhsulluq içindədir, çabalayıb ondan çıxmaq istəyir, amma bunun yolunu-üsulunu tapa bilmir, çünki "soyuq savaş” zamanı cinahlardan biri sıradan çıxdı, digər cinah isə yeni tələblərə, çağırışlara uyğun qurulmadı. Problem də budur. Bilmirəm, harada səsləndi bu fikir, amma həqiqətən də belədir: Dünya mövcud beşlikdən (beş daimi üzv nəzərdə tutulur!) daha qəliz və mürəkkəbdir...
Hüseynbala Səlimov
Şərhlər