Alimlərin apardıqları yeni araşdırma Yer üzündə bitki həyatının mümkün maksimum ömrünü müəyyənləşdirib.
Qaynarinfo xəbər verir ki, hazırlanan üçölçülü iqlim modellərinə əsasən, planetdə mövcud olacaq son bitki növü təxminən 1,87 milyard ildən sonra məhv olacaq. Yerin qarşıdakı 2 milyard il ərzində iqliminin necə dəyişəcəyini araşdıran tədqiqatçılar bildirirlər ki, bu müddətdə Günəş təxminən 20 faiz daha parlaq olacaq. Nəticədə Yer səthindəki bitki örtüyü ya həddindən artıq istilik səbəbindən məhv olacaq, ya da atmosferdə karbon qazının azalması ilə üzləşəcək.
Araşdırmaya görə, planetdəki biomüxtəlifliyin mühüm hissəsini təşkil edən bitkilərin gələcəyi atmosferdə karbon qazının səviyyəsinin və temperaturun necə dəyişəcəyindən asılı olacaq.
Bununla yanaşı, tədqiqatçılar gələcəkdə baş verə biləcək təkamül proseslərinin və ya inkişaf etmiş insan texnologiyalarının bu müddəti uzada biləcəyini də istisna etmirlər. Onların fikrincə, bitkilər dəyişən iqlim şəraitinə uyğunlaşaraq daha yüksək dağlıq ərazilərə yayıla və ya Günəş şüalarını əks etdirən geomühəndislik texnologiyalarının tətbiqi sayəsində daha uzun müddət mövcud ola bilərlər.
Aydın
Şərhlər