XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı
Ölkə10:53 12.09.2026

1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı

Azərbaycanda təhsil alan əcnəbi tələbələr üçün illik təhsil haqları universitetdən və ixtisasdan asılı olaraq dəyişir. Bəzi ali məktəblərdə yerli və xarici tələbələr üçün eyni məbləğ tətbiq olunduğu halda, bəzi universitetlərdə əcnəbilər üçün ayrıca tarif müəyyənləşdirilib.

Modern.az universitetlərdə əcnəbi tələbələrin təhsil haqları və təqaüd imkanlarını araşdırıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bakalavriat üzrə bütün ixtisaslarda illik təhsil haqqı yerli və əcnəbi tələbələr üçün 2400 manatdır. Filiallarda bu məbləğ 2100 manat, magistraturada 2400 manat, MBA ixtisaslaşmalarında isə 3000 manat təşkil edir.

Əcnəbi tələbələr üçün ayrıca dövlət və ya xüsusi təqaüd nəzərdə tutulmayıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (AzRA) hazırlıq mərhələsi üzrə illik təhsil haqqı 1200 manat, bakalavriat və magistratura üzrə isə 1900-2900 manat arasında dəyişir.

Əcnəbi tələbələr üçün xüsusi təqaüd proqramı olmasa da, sponsor dəstəyi hesabına yaxşı nəticə göstərən bir neçə tələbəyə aylıq təxminən 100 manat təqaüd verilir. Müsabiqə və sərgilərdə uğur qazanan tələbələr isə pul mükafatı əldə edə bilirlər.

Xəzər Universitetində xarici tələbələr üçün illik təhsil haqqı əksər ixtisaslarda 5000 dollar, Baytarlıq fakültəsində isə 6000 dollardır. Baytarlıq üzrə təhsil müddəti 5 ildir.

Universitetdə xarici tələbələr üçün 25, 50 və 75 faizlik burslar mövcuddur. Qız tələbələr üçün ayrıca təqaüd proqramı da fəaliyyət göstərir.

Azərbaycan Universitetində bakalavriat üzrə illik təhsil haqqı 2550 manat, magistratura üzrə 3440 manat, Azərbaycan dili hazırlığı üzrə isə 1550 manatdır. Əcnəbi tələbələr üçün ayrıca təqaüd proqramı yoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetində yerli və əcnəbi tələbələr üçün eyni təhsil haqqı tətbiq olunur. Bakalavriat üzrə illik ödəniş 1600-2600 manat, magistraturada MS proqramları üzrə 2000–2300 manat, MBA proqramlarında isə 3000-4500 manat arasında dəyişir.

UNEC-də əcnəbi tələbələr üçün ayrıca xüsusi təqaüd imkanları tətbiq olunmur.

ADA Universitetində isə xarici vətəndaşlığı olan tələbələr üçün təhsil haqqı proqramdan asılı olaraq dəyişir. Bakalavriat proqramlarında illik ödəniş əsasən 8500 manat, magistratura proqramlarının bir çoxunda 10 500 manat təşkil edir. Bəzi IT və mühəndislik üzrə magistr proqramlarında bu məbləğ 36 200 dollara çatır.

Universitetdə xarici tələbələr üçün müxtəlif maliyyə dəstəyi və təqaüd imkanları da mövcuddur.

Dövlət İdarəçilik Akademiyasında (DİA) isə hazırda əcnəbi tələbə yoxdur.