Gündəlik nə qədər maye qəbul etmək lazım olduğu bir çox insanı düşündürür. Çünki bu mövzuda çoxsaylı miflər və şişirtmələr mövcuddur.
Qaynarinfo xəbər verir ki, orqanizmdə su balansını müəyyənləşdirməyə kömək edən sadə göstəricilər barədə “Verywell Health” nəşri yazıb.
Ən sadə göstəricilərdən biri sidiyin rəngidir. “Frontiers in Nutrition” jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, sidiyin açıq, demək olar ki, şəffaf rəngi orqanizmin yaxşı nəmləndiyini göstərir. Tünd-sarı və ya qəhvəyi rəng isə maye çatışmazlığından xəbər verə bilər.
Bununla belə, bəzi dərmanlar, B qrupu vitaminləri, dəmir preparatları və müəyyən antibiotiklər də sidiyin rəngini dəyişə bilər. Buna görə yalnız bu göstəriciyə əsaslanmaq düzgün deyil.
İkinci göstərici gün ərzində bədən çəkisinin dəyişməsidir. Kiçik dəyişikliklər normal hesab olunur. Lakin “Nutrients” jurnalında yaşlı insanlarda nəmlənməyə həsr olunmuş icmalın məlumatına görə, sutka ərzində bədən çəkisinin 2 faizdən çox azalması susuzlaşmaya işarə edə bilər. Belə halda daha çox su içmək çəkinin sabitləşməsinə kömək edə bilər.
Maye çatışmazlığı ümumi sağlamlıq vəziyyətinə də təsir göstərir. Həkimlərin qeyd etdiyi tipik əlamətlər arasında susuzluq, ağız quruluğu, baş ağrısı, yorğunluq, dərinin quruması, başgicəllənmə, diqqəti cəmləməkdə çətinlik, həddindən artıq tərləmə, qıcolmalar, gözlərin çökük görünməsi, qan təzyiqinin aşağı düşməsi və ürək döyüntüsünün sürətlənməsi var.
Bundan əlavə, xroniki susuzlaşma qəbizlik, sidik yolları infeksiyaları və böyrək daşları riskini artıra bilər.
Beyin və enerji üçün faydası
Su qəbulunun digər mühüm üstünlüyü beyin fəaliyyəti və enerji səviyyəsi ilə bağlıdır. Susuzlaşma nəticəsində bədən çəkisinin 2 faizdən çox azalması əhval-ruhiyyəyə mənfi təsir göstərə bilər. İnsan daha yorğun və narahat olur, diqqətini cəmləməkdə çətinlik çəkir.
Bununla yanaşı, koordinasiya, diqqət və sürətli qərar qəbul etmə tələb edən tapşırıqları yerinə yetirmək qabiliyyəti də zəifləyə bilər.
Dərinin vəziyyətinə gəldikdə isə nəticələr o qədər də birmənalı deyil. “Skin Research and Technology” jurnalında dərc olunan altı klinik araşdırmanın sistematik icmalı göstərib ki, əlavə su qəbulu dərinin üst qatının nəmliliyini müəyyən qədər yaxşılaşdıra bilər. Bu təsir xüsusilə əvvəllər az maye qəbul edən insanlarda müşahidə olunur.
Bununla belə, icmalın müəllifləri qeyd edirlər ki, bu sahədə sübut bazası hələ zəifdir və araşdırmaların keyfiyyəti ilə bağlı müəyyən suallar mövcuddur.
Əslində nə qədər su içmək lazımdır?
ABŞ Milli Sağlamlıq İnstitutlarının (NIH) tövsiyələrinə görə, qadınların gündə təxminən 9 stəkan, kişilərin isə təxminən 13 stəkan maye qəbul etməsi məsləhətdir. Burada söhbət yalnız içməli sudan deyil, qida və digər içkilərdən alınan mayedən də gedir.
Faktiki ehtiyac fiziki aktivlikdən, bədən çəkisindən, yaşdan, iqlimdən və sağlamlıq vəziyyətindən asılıdır. Məsələn, şəkərli diabeti, böyrək xəstəlikləri olan və ya yüksək hərarət zamanı olan insanların daha çox mayeyə ehtiyacı ola bilər.
Əksinə, ürək çatışmazlığı və ya ağır böyrək xəstəlikləri olan pasiyentlərə həkimlər maye qəbulunu məhdudlaşdırmağı tövsiyə edə bilərlər.
Qidalanma ilə bağlı tövsiyələr
Həkimlər daha əvvəl protein batonlarının qarın ağrısına səbəb ola biləcəyini və onların hansı məhsullarla əvəz edilməsinin daha məqsədəuyğun olduğunu izah ediblər. Sağlamlığını qorumağa çalışan bir çox insan “faydalı” qəlyanaltılara üstünlük verir, lakin onların orqanizmə təsirini həmişə düzgün qiymətləndirmir.
Aydın
Şərhlər