Xəbər lenti

Etnanın tarixdə ən dağıdıcı püskürmələri: İnlar yenidən baş verə bilərmi?
Dünya 15:15 09.07.2026

Etnanın tarixdə ən dağıdıcı püskürmələri: İnlar yenidən baş verə bilərmi?

Siciliya adasında yerləşən Etna vulkanı Avropanın ən hündür və ən fəal vulkanlarından biri hesab olunur. Alimlər son 2 500 il ərzində onun yüzlərlə püskürməsini qeydə alıblar. Onların əksəriyyəti nisbətən zəif olsa da, bəzi püskürmələr bölgənin tarixində ciddi iz buraxaraq şəhərləri, əkin sahələrini və minlərlə evi məhv edib.

Qaynarinfo xəvbər verir ki, "ScienceDirect” jurnalında dərc olunan "Son 2500 il ərzində Etna yamaclarında baş vermiş püskürmələr haqqında müasir biliklər" adlı elmi məqalədə 1669-cu il püskürməsi vulkanın sənədləşdirilmiş tarixində ən dağıdıcı hadisələrdən biri kimi göstərilir.

Həmin püskürmə martın 11-də başlayıb və yalnız iyul ayında başa çatıb. Vulkanın cənub yamacında uzun çat yaranıb və buradan böyük həcmdə lava axmağa başlayıb. Vulkanoloqların hesablamalarına görə, təxminən 600 milyon kubmetr ərimiş süxur səthə çıxıb, lava axını isə 40 kvadratkilometrə yaxın ərazini əhatə edib.

Ən azı 10 yaşayış məntəqəsi tamamilə məhv olub, daha sonra lava Kataniya şəhərinə çatıb. Lava şəhər istehkamlarının bir hissəsini dağıdıb və dənizə qədər irəliləyərək sahil xəttinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olub. Ölənlərin dəqiq sayı məlum deyil, lakin müxtəlif mənbələrdə bu rəqəmin 100 min nəfərə çata biləcəyi qeyd olunur.

122-ci il püskürməsi də böyük fəlakət kimi qiymətləndirilir. Bu hadisə güclü partlayışlar və böyük həcmdə vulkan külünün yayılması ilə müşayiət olunub. Kataniya şəhəri kül altında qalıb və Roma Senatı şəhər sakinlərini iqtisadi bərpa məqsədilə 10 il müddətinə vergidən azad edib.

Daha bir güclü püskürmə 1169-cu ildə baş verib. Bu hadisə və onunla əlaqəli zəlzələlər nəticəsində təxminən 15 min insan həyatını itirib.

Etna tez-tez püskürsə də, müasir dövrdə baş verən hadisələr adətən daha az təhlükəli olur və böyük insan tələfatına səbəb olmur. Əksər hallarda bu püskürmələr yavaş hərəkət edən lava axınları və ya stromboli tipli partlayışlarla müşayiət olunur.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) mütəxəssisləri daimi monitorinq vasitəsilə vulkan aktivliyindəki dəyişiklikləri əvvəlcədən müəyyən etməyə çalışırlar. Zərurət yarandıqda hakimiyyət orqanları təhlükəli əraziləri bağlayır və aviasiya hərəkətinə məhdudiyyətlər tətbiq edir.

Bununla belə, böyük fəlakətli ssenarinin təkrarlanması tamamilə istisna edilmir. Geoloji araşdırmalar göstərir ki, Etna vulkanının püskürmə xarakteri əsrlər ərzində dəyişib. 1669-cu ildən sonra böyük püskürmələr daha nadir baş versə də, vulkan hələ də yüksək aktivliyini saxlayır.

Alimlərin fikrincə, vulkanın yamaclarının demək olar ki, istənilən hissəsində yeni çatlar yarana bilər və gələcək püskürmənin miqyasını əvvəlcədən dəqiq müəyyənləşdirmək mümkün deyil.

Etna vulkanı iyul ayının əvvəlində yenidən aktivləşib və təxminən 1,5 kilometr hündürlüyə kül sütunu püskürüb. Hadisə səbəbindən Kataniya hava limanının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb: bəzi reyslər ləğv edilib və ya gecikdirilib, 23 təyyarə isə Palermoya yönləndirilib.

Mütəxəssislərin məlumatına görə, hazırda Etnada stromboli tipli aktivlik müşahidə olunur. Bu, qaz, kül və vulkanik süxurların qısa müddətli, lakin müntəzəm şəkildə xaric olması ilə xarakterizə edilən püskürmə növüdür.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->