ABŞ-ın rəhbərlik etdiyi mövcud dünya nizamının gələcəyi müzakirə olunarkən, Qərb müttəfiqləri alternativ strategiyalar formalaşdırmağa başlayıblar.
Qaynarinfo xəbər verir ki, "The Wall Street Journal”ın hökumət rəsmiləri, diplomatik mənbələr və yüksək səviyyəli təhlükəsizlik nümayəndələri ilə apardığı geniş araşdırmaya əsasən, Kanadanın Baş naziri Mark Karni vəzifəyə gəldikdən dərhal sonra ölkəsinin ABŞ-dan strateji asılılığını azaltmağa yönəlmiş genişmiqyaslı planın icrasına başlayıb.
Son illərdə təhlükəsizlik, ticarət, texnologiya və müdafiə sənayesi sahələrində Vaşinqtonun mərkəzi rolunun gələcəyi getdikcə daha çox sual altına düşür. Bu şəraitdə müttəfiq dövlətlər yeni geosiyasi balanslara uyğun alternativ əməkdaşlıq modelləri hazırlayırlar. Bu dəyişimin ən diqqətçəkən nümunələrindən biri Kanadada müşahidə olunur.
ABŞ Prezidenti Donald Trampın Kanadanı "ABŞ-ın 51-ci ştatı” adlandıran açıqlamaları iki ölkə arasında gərginliyi artırıb və Ottavanı uzun illər davam edən ABŞ-a bağlılıq siyasətini yenidən nəzərdən keçirməyə sövq edib.
"The Wall Street Journal”ın məlumatına görə, Baş nazir Mark Karni vəzifəsinin ilk günlərindən ölkənin ABŞ-dan asılı olduğu bütün strateji sahələrin təhlilinə başlayıb.
1908-ci il sərhəd sazişi ilə bağlı iddia
Qəzetin yazdığına görə, proses Donald Trumpın dövrün Kanada Baş naziri Castin Trüdo ilə telefon danışığında səsləndirdiyi sərt ifadələrdən sonra sürətlənib.
İddiaya əsasən, Trump iki ölkə arasındakı sərhədi müəyyən edən 1908-ci il sazişini ləğv edə biləcəyini bildirərək Trüdoya belə deyib: "Bu sazişi cırsam, bütün ölkəniz dağılacaq".
Həmin dövrdə keçirilən qapalı şam yeməyində kanadalı rəsmilər Trampı Kanadanın ilhaqı ilə bağlı ritorikasından çəkindirməyə çalışsalar da, onun müşavirlərindən biri Kanadanın 41 milyon əhalisinin böyük hissəsinin Demokratlar Partiyasına səs verəcəyini bildirib. Bundan sonra Trampın Kanadanın iki ştata bölünməsi ideyasını dilə gətirdiyi iddia olunur.
Mark Karninin ilk addımları
2025-ci ilin əvvəlində baş nazir vəzifəsinə başlayan Mark Karni ilk olaraq Kanadanın strateji asılılıq xəritəsinin hazırlanmasına göstəriş verib.
Yalnız Baş nazirin iqamətgahında və ya hökumət təyyarəsində keçirilən məxfi görüşlərdə məlumatların saxlanması sistemləri, hərbi avadanlıqlar, ödəniş infrastrukturu və ərzaq təchizatı da daxil olmaqla ölkənin ABŞ-dan asılı olduğu bütün istiqamətlər təhlil edilib.
Qəzet yazır ki, Karni komandası qarşısında əsas sualı belə qoyub: "Ən yaxın müttəfiqiniz təhlükəyə çevrilərsə, necə hərəkət etməlisiniz?”
Vaşinqtondan sonrakı dövr üçün yeni model
İngiltərə Bankının keçmiş rəhbəri olan Mark Karni hesab edir ki, II Dünya müharibəsindən sonra formalaşan ABŞ mərkəzli təhlükəsizlik və iqtisadi sistem artıq əvvəlki kimi təkqütblü deyil.
Onun fikrincə, heç bir ölkədən həddindən artıq asılı olmayan, çoxmərkəzli və sıx əməkdaşlıq əlaqələrinə əsaslanan yeni Qərb modeli yaradılmalıdır. Bu yanaşma NATO-nun Baş katibi Mark Ruttenin mövqeyindən əhəmiyyətli dərəcədə fərqlənir.
Karni baş nazir olduqdan sonra ilk xarici səfərini Vaşinqtona deyil, Fransaya edib.
Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə görüşən Karni Kanadanı "Avropadan kənarda yerləşən ən avropalı ölkə” adlandırıb.
Tərəflər kritik faydalı qazıntılar, süni intellekt, kvant texnologiyaları və müdafiə sənayesi sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Qrenlandiya məsələsi Avropanı narahat edib
Məqalədə qeyd olunur ki, Trampın Qrenlandiyanı almaq və zərurət yaranacağı təqdirdə gücdən istifadə etmək barədə açıqlamaları Avropada narahatlığı daha da artırıb.
Danimarkanın Baş naziri Mette Frederiksenə təqdim olunan kəşfiyyat məlumatlarında ABŞ ilk dəfə potensial hərbi təhdid kimi qiymətləndirilib.
Parisdə keçirilən liderlər görüşündə Qrenlandiya əsas gündəm mövzularından biri olub. Danimarka Avropa liderlərindən öz suverenliyinə dəstək istəyib, Mark Karni isə Kanada ilə Avropa arasında strateji əməkdaşlığın daha da gücləndirilməsini müdafiə edib.
Qəzetin əldə etdiyi qeydlərə əsasən, yüksək vəzifəli avropalı rəsmilərdən biri görüş zamanı belə deyib: "Artıq Amerikaya etibar edə bilmirik. Əlimizdə qalan yeganə dayaq beynəlxalq hüquqdur".
Tramp: Kanada nankorluq edir
Mark Karninin Dünya İqtisadi Forumunda çıxışı da Qərbdə geniş rezonans doğurub. O, ABŞ-ın adını çəkmədən bildirib ki, iqtisadi inteqrasiya asılılığa çevrildikdə qarşılıqlı fayda prinsipi öz mənasını itirir.
Məqaləyə görə, Tramp çıxışı izlədikdən sonra köməkçilərinə Kanadanın "nankorluq etdiyini” söyləyib.
Avropa müdafiə və texnologiya layihələrini sürətləndirir
Gərginlik fonunda Avropa ölkələri ABŞ-dan texnoloji və müdafiə sahəsində asılılığı azaltmağa yönəlmiş layihələri sürətləndiriblər.
Bulud texnologiyaları, məlumat mərkəzləri, kvant hesablama sistemləri, peyk şəbəkələri və ödəniş infrastrukturlarına milyardlarla avro investisiya ayrılıb.
Fransa dövlət qurumlarında "Microsoft Teams” və "Zoom” əvəzinə yerli videorabitə sisteminin istifadəsini məcburi edib.
Almaniya, Fransa, Niderland, Belçika və Lüksemburq isə öz mesajlaşma platformalarını yaratmağa başlayıblar.
Almaniya əlavə olaraq müdafiə satınalmalarında Avropa istehsalçılarına üstünlük verən yeni qanun qəbul edib.
Kanada isə Avropa İttifaqının 150 milyard avroluq müdafiə fonduna qoşulub və Almaniya ilə süni intellekt və texnoloji suverenlik sahələrində yeni əməkdaşlığa başlayıb.
NATO daxilində iki fərqli strategiya
"The Wall Street Journal” yazır ki, Qərb müttəfiqləri hazırda iki istiqamətli siyasət həyata keçirirlər. Bir tərəfdən NATO-nun Baş katibi Mark Rutte şəxsi əlaqələrindən istifadə edərək ABŞ-ı alyans daxilində saxlamağa çalışır.
Digər tərəfdən isə Kanada və Avropa ölkələri Vaşinqtonla açıq qarşıdurmaya getmədən texnologiya, müdafiə və ticarət sahələrində ABŞ-dan asılılığı azaldacaq alternativ sistemlər qururlar.
Avropalı liderlər bu yanaşmanı "vaxt qazanmaq” strategiyası adlandırırlar. Uzunmüddətli məqsəd isə daha müstəqil Qərb təhlükəsizlik və iqtisadi sisteminin formalaşdırılmasıdır.
Ağ Evin sözçüsü Olivia Uels bildirib ki, Prezident Tramp Kanadanın və digər NATO üzvlərinin öz müdafiələri üçün daha çox məsuliyyət daşımasını istəyir: "Prezident Tramp Amerikanın istismar edilməsinə imkan verməyəcək".
Kanada alternativ müdafiə modelini genişləndirir
"The Telegraph”ın məlumatına görə, Kanada yalnız siyasi bəyanatlarla kifayətlənməyərək konkret addımlar da atır. Ottava Rusiyaya qarşı Qərbin müdafiə imkanlarını gücləndirmək məqsədilə yaradılan çoxmillətli Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının (DSRB) yaradılmasına rəhbərlik edib.
Yeni maliyyə qurumunun məqsədi üzv ölkələrin dövlət və özəl kapitalını bir araya gətirməklə müdafiə sənayesinə investisiyaları artırmaq və hərbi istehsal imkanlarını genişləndirməkdir.
Bu mexanizm ölkələrə hərbi xərclərinin bir hissəsini milli büdcədən deyil, ortaq maliyyələşdirmə sistemi vasitəsilə qarşılamağa imkan verəcək.
Mark Karni bu təşəbbüsü ABŞ mərkəzli təhlükəsizlik sisteminə alternativ yaradacaq çoxtərəfli əməkdaşlıq modelinin mühüm mərhələsi kimi qiymətləndirib: "Kanada kollektiv təhlükəsizliyimizin əsaslarının formalaşdırılmasında liderlik edir. Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankı investisiyaları sürətləndirəcək, müdafiə sənayemizi gücləndirəcək və Kanada ilə müttəfiqlərimizin daha təhlükəli və parçalanmış dünyanın çağırışlarına birlikdə cavab verməsinə kömək edəcək".
Aydın
Şərhlər