Xəbər lenti

Gənclər niyə regionlardan qaçır?
Ölkə 14:14 26.06.2026

Gənclər niyə regionlardan qaçır?

Son illər Azərbaycanın regionlarından gənclərin Bakıya və xarici ölkələrə köç etməsi cəmiyyət üçün ciddi problemlərdən biri kimi qiymətləndirilir. 

Qaynarinfo-nun məlumatına görə, "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri Elvin Mahmudzadə bildirib ki, bu tendensiya təkcə iqtisadi deyil, həm də sosial, mədəni və mənəvi baxımdan ölkənin gələcəyinə təsir göstərən mühüm məsələdir.

Onun sözlərinə görə, gənclərin regionları tərk etməsinin əsas səbəblərindən biri iş imkanlarının məhdud olmasıdır. Ali təhsilini başa vuraraq doğma rayonuna qayıdan gənclər çox vaxt ixtisaslarına uyğun iş tapa bilmirlər. Aşağı əməkhaqqı və işsizlik isə onları paytaxta və ya xarici ölkələrə üz tutmağa vadar edir.

Elvin Mahmudzadə qeyd edib ki, regionlarda keyfiyyətli təhsil və inkişaf imkanlarının məhdudluğu da bu prosesi sürətləndirən amillərdəndir. Onun fikrincə, müasir dövrdə rəqabətədavamlı olmaq üçün gənclərin müxtəlif kurslara, təlimlərə və beynəlxalq proqramlara çıxışı vacibdir. Lakin bu imkanlar əsasən Bakı və iri şəhərlərdə cəmləşib.
 


İctimai Birlik sədri hesab edir ki, problemin həlli üçün regionlara investisiyaların artırılması, yeni iş yerlərinin yaradılması, peşə hazırlığı mərkəzlərinin fəaliyyətə başlaması və yerli sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi vacibdir. O, həmçinin regionlarda müasir təhsil, idman və mədəniyyət obyektlərinin inşasının gənclərin doğma yurdlarında qalmasına stimul verəcəyini bildirib.

Elvin Mahmudzadənin sözlərinə görə, vətənpərvərlik yalnız dövlət rəmzlərinə hörmətlə məhdudlaşmır, eyni zamanda doğulduğun torpağın inkişafına töhfə verməkdən keçir. O vurğulayıb ki, hər bir gənc öz bölgəsində layiqli həyat sürmək, işləmək və gələcəyini qurmaq imkanı əldə etməlidir.

Aydın
--> -->