Xəbər lenti

55 milyardlıq müqavilə: Səudiyyə fondu oyun nəhəngini alır
Dünya 13:03 19.07.2026

55 milyardlıq müqavilə: Səudiyyə fondu oyun nəhəngini alır

Səudiyyə Ərəbistanının suveren dövlət fondunun rəhbərlik etdiyi investorlar konsorsiumu 55 milyard dollara "Electronic Arts” şirkətini almaq üçün Avropa İttifaqının təsdiqini almağa yaxındır. Razılaşma baş tutacağı təqdirdə, bu, borc vəsaiti hesabına həyata keçirilən ən böyük şirkət satınalmalarından biri olacaq.

Qaynarinfo xəbər verir ki, "Reuters”in məlumatına görə, Avropa Komissiyası antiinhisar araşdırması çərçivəsində sövdələşməni əlavə şərtlər irəli sürmədən təsdiqləməyi planlaşdırır. İlkin qərarın iyulun 22-də açıqlanacağı, yekun qərarın isə 2026-cı il iyulun 30-dək qəbul ediləcəyi gözlənilir.

"Electronic Arts”ın alınması ilə bağlı danışıqların 2025-ci ilin sentyabrından davam etdiyi bildirilir. Həmin vaxt investorlar konsorsiumu "EA Sports FC”, "The Sims”, "Battlefield” və "Need for Speed” oyun seriyalarının sahibi olan şirkəti almaq niyyətini açıqlamışdı. "Electronic Arts”, "Activision Blizzard” və "Take-Two” ilə birlikdə oyun sənayesinin ən böyük şirkətlərindən biri hesab olunur. Məlumata görə, 2025-ci ilin dekabrında şirkətin səhmdarları 55 milyard dollarlıq satışa razılıq veriblər.

Səudiyyə Ərəbistanı üçün dünyanın ən böyük oyun naşirlərindən birinin alınması iqtisadiyyatın şaxələndirilməsi strategiyasının mühüm hissəsi hesab edilir. Krallıq neft gəlirlərindən asılılığı azaltmaq məqsədilə oyun studiyalarına, kibersport layihələrinə və turizm sektoruna böyük həcmdə investisiyalar yatırır.

Mütəxəssislərin fikrincə, bu razılaşma "Electronic Arts” üçün də müsbət nəticələr vəd edir. Onların qənaətinə görə, şirkət ictimai bazarın və investorların rüblük maliyyə hesabatları ilə bağlı təzyiqindən azad olacağı halda, studiyalar oyunların keyfiyyətinin artırılmasına və yeni layihələrin hazırlanmasına daha çox diqqət ayıra biləcəklər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->