ABŞ Hərbi Dəniz Qüvvələri dünyanın ilk nüvə enerjili aviadaşıyıcısı olan "USS Enterprise" (CVN-65) gəmisinin utilizasiyası üçün 418 milyon dollar dəyərində müqavilə imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" məlumat yayıb.
Podratçı kimi Vermont ştatının Vernon şəhərində yerləşən "NorthStar Maritime Dismantlement Services" şirkəti seçilib.
Müqavilənin yekun dəyəri əvvəlki təklifdən təxminən 118 milyon dollar az olub. Buna baxmayaraq, məbləğ yenə də yüksək olaraq qalır və təxminən yeni korvetin qiymətinə bərabərdir.
"USS Enterprise" haqqında
"USS Enterprise" (CVN-65) dünyanın ilk nüvə mühərrikli aviadaşıyıcısı olub. Gəmi eyni anda səkkiz nüvə reaktoru ilə təchiz edilib.
CVN-65 1961-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilib. Beş belə gəmidən ibarət seriyanın tikilməsi planlaşdırılsa da, yüksək maliyyət səbəbindən "Enterprise" layihənin yeganə nümayəndəsi olaraq qalıb.
Bu gün də "USS Enterprise" inşa edilmiş bütün döyüş gəmiləri arasında uzunluğuna görə rekordçudur. Onun uzunluğu 342 metrdir. Gəmidə 90-a qədər təyyarə və helikopter yerləşdirilə bilirdi. Döyüş səfərləri zamanı heyətin sayı təxminən 4600 nəfər təşkil edirdi.
Bununla belə, "Enterprise" ölçülərinə görə dünyanın ən böyük gəmisi hesab edilmir. Yeni "USS Gerald R. Ford" aviadaşıyıcısı daha qısa olsa da (337 metr), daha böyük su tutumuna malikdir. "Enterprise"in su tutumu təxminən 94 min ton olduğu halda, "Gerald R. Ford"da bu göstərici 100 min tondur.
"Gerald R. Ford" döyüş imkanlarına görə də köhnə aviadaşıyıcını üstələyir. Bunun əsas səbəblərindən biri elektromaqnit katapult sisteminin (EMALS) tətbiqidir.
"Enterprise" 2012-ci ildə rəsmi olaraq ABŞ donanmasının tərkibindən çıxarılıb.
Aydın
Şərhlər