Futbol üzrə dünya çempionatının açılış mərasimində çıxış edən məşhur müğənni Şakira ilə bağlı sosial şəbəkələrdə maraqlı iddialar yayılıb.
Meksikanın paytaxtı Mexikoda keçirilən açılış mərasimindən sonra bəzi istifadəçilər səhnədə çıxış edən şəxsin əsl Şakira olmadığını, onun yerinə dublyor istifadə edildiyini irəli sürüblər. İddialar xüsusilə müğənninin turnirin rəsmi himni olan "Dai Dai” mahnısını ifa etməsindən sonra sürətlə yayılıb.
Sosial şəbəkə istifadəçiləri Şakiranın saç rənginin, görünüşünün və səhnə obrazının əvvəlki çıxışlarından fərqləndiyini bildirərək bunun dublör istifadəsinə işarə etdiyini iddia ediblər. Müzakirələr qısa müddətdə geniş yayılaraq "Səhnədəki şəxs həqiqətən Şakira idimi?” sualını gündəmə gətirib.
Lakin yayılan görüntülərin təhlili fərqli mənzərə ortaya qoyur. Mütəxəssislər diqqəti müğənninin alnında illərdir görünən kiçik çapığa yönəldiblər. Həmin iz Şakiranın əvvəlki illərdə çəkilmiş çoxsaylı fotolarında, o cümlədən 2026-cı ilin may ayında Nyu-Yorkda keçirilən tədbirdən yayılan görüntülərdə də aydın görünür.
Eyni çapıq dünya çempionatının açılış mərasimindən yayılan kadrlarda da müşahidə edilir. Bu fakt sosial şəbəkələrdə yayılan "dublyor” nəzəriyyəsinə qarşı əsas vizual sübutlardan biri hesab olunur.
Bununla yanaşı, iddiaların doğru olması üçün dublörün aylarla Şakiranın jestlərini, səhnə hərəkətlərini, rəqs elementlərini və görünüşünü mükəmməl şəkildə təqlid etməsi lazım gəlirdi ki, bu da ekspertlər tərəfindən olduqca aşağı ehtimal kimi qiymətləndirilir.
Hazırda Şakiranın komandası məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, mövcud görüntülər və vizual müqayisələr səhnədə çıxış edən şəxsin məhz Şakira olduğunu göstərir.
Günay
Şərhlər