Ali təhsil müəssisələrində qəbul planının 97,07 faiz dolması təhsil sistemində göstəricilərin yüksək olduğunu göstərsə də, bu nəticənin əmək bazarına necə təsir edəcəyi sual doğurur. Xüsusilə universitetlərdə hazırlanan kadrların əmək bazarının real tələbatına nə dərəcədə uyğun olması və dörd il sonra məzunların ixtisaslarına uyğun iş tapa bilməsi məsələsi aktuallığını qoruyur.
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı Günay Hüseynovanın sözlərinə görə, qəbul planının yüksək faizlə dolması sevindirici olsa da, əsas diqqət məzunların gələcəkdə əmək bazarında özlərinə yer tapmasına yönəlməlidir:
“DİM sədri deyir ki, ali təhsil müəssisələrində qəbul planı 97,07 faiz dolub. Bu həm sevindirici haldır, çünki nəticələr yüksəkdir, həm də məyusedicidir. Ona görə məyusedicidir ki, həmin 97 faizin neçə faizi dörd il sonra əmək bazarında öz ixtisasına uyğun iş tapa biləcək?
Hələ dörd il sonrasını kənara qoyaq, günümüzdən danışaq. Bu gün ali təhsilli işsizlərin, eyni zamanda fəhləlik edən ali təhsilli şəxslərin sayı kifayət qədərdir. Bazarda kartof, meyvə, tərəvəz satan, yaxud usta, santexnik işləyən kifayət qədər ali təhsilli şəxslər var. Çünki ali təhsil onlara hər hansı bir fayda verə bilməyib. Öz ali təhsilini kapitala çevirə bilməyib, iqtisadi fayda əldə edə bilməyib. Bu sahədə bitməyən problemlər mövcuddur”.

İqtisadçı hesab edir ki, əsas problemlərdən biri əmək bazarında tələb və təklif balansının qorunmamasıdır:
“İlk problem odur ki, tələb və təklif balansı qoruna bilmir. Bunun səbəbi həm dövlət, həm də özəl təhsil müəssisələrində ödənişli sistem üzrə qəbul ballarının aşağı salınması ilə əlaqədardır. Yəni qəbul balları aşağı salınır, tələbə qəbul olur, ödəniş edir. Nəticədə həmin tələbə universitetin büdcəsini doldurmuş olur. Amma özü hər hansı iqtisadi fayda əldə edə bilmir.
İkinci səbəb odur ki, ölkəmizdə kifayət qədər xarici və yerli şirkətlər var. Biz hər hansı məsələdə xarici mütəxəssis dəvət edirik. Məgər olmazdımı ki, ölkəmizdə də mütəxəssis yetişsin və yaxud da biz onu mütəxəssis olaraq yetişdirək və təlim keçməsi üçün xaricə göndərək?”
Ekspertin fikrincə, təhsil sistemində köklü dəyişikliklərə ehtiyac var:
“Digər səbəb təhsil sisteminin köklü dəyişikliyə ehtiyacının olmasıdır. Dəyişiklik illərdir olmadığı üçün təhsil kapitala çevrilə bilmir. Təhsil kurs işləri, müəyyən tapşırıqlar, sadəcə kitab və tələbəyə bilik baxımından fayda verməyən sənəd işlərindən ibarət olmamalıdır.
Tələbə əlli illik kitablarla iqtisadiyyatı və yaxud da hansısa sahəni bitirməməlidir. Müasir dövrümüzün iqtisadiyyatı müasir iqtisadi biliklər tələb edir”.
O qeyd edib ki, tələbələrin müasir iqtisadi proseslər və beynəlxalq ticarət haqqında bilikləri də artırılmalıdır:
“Bugünün universitet tələbələrinin neçə faizi Azərbaycanla Çin arasındakı ticarət tərəfdaşlığını, statistik məlumatları, Azərbaycanla digər ölkələrin ticarət əməkdaşlığının başlanğıcını, Azərbaycanın hansısa beynəlxalq təşkilata qəbul olduğu ili bilir?
Və yaxud belə desək, neçə faizinin xarici dil bilikləri var ki, ölkəmizin ixracına öz biliklərini tətbiq edə bilsin? Hər hansı şirkətə müraciət etsin ki, mənim bu barədə bilik və məlumatlarım var, sizin məhsulunuzu xaricə ixrac etməkdə sizə dəstək ola bilərəm”.
Günay Hüseynova valideynlərin övladlarını əmək bazarında yüksək maaş vəd edən ixtisaslara yönəltməsinin də müəyyən sahələrdə tələbin həddindən artıq artmasına səbəb olduğunu bildirib:
“Digər bir səbəb də var. Məsələn, yuxarı siniflərdə, artıq doqquzuncu-onuncu siniflərdə valideyn iş elanları saytlarına baxır. Hansı ixtisasda hansı peşəyə yüksək əməkhaqqı verildiyini araşdırır və nəticədə uşağı məcbur edir ki, sən o sahəyə yönəlməlisən, filan ixtisas qrupuna verməlisən.
Nəticədə necə olur? Həmin ixtisasın balı yüksəlir. Çünki artıq o sahəyə, o ixtisasa müraciət edən şagirdlərin sayı ilbəil artır. Məsələn, hüquq, təhsil, tibb, mühəndislik, kompüter elmləri. Bu kimi sahələrdə hər il ixtisas balı artırılır. İxtisas balının artmasına səbəb nədir? Çünki valideyn əksərən yönləndirir ki, bu sahədə oxu, gələcəkdə daha çox maaş alacaqsan və əməkhaqqı əldə edəcəksən. Nəticədə tələb-təklif balansı pozulur”.
İqtisadçı hesab edir ki, ali təhsilə qəbul göstəricilərinin yüksək olması ilə yanaşı, məzunların gələcək nəticələri də nəzərə alınmalıdır:
“Onun üçün də düşünürəm ki, ümumiyyətlə, bu təhsil sistemində problemləri köklü şəkildə aradan qaldırmaq gərəklidir. Yəni bu gün biz 97 faiz qəbul var deyə sevinməməliyik. Bu gün şagird, tələbə sevinə bilər ki, mən universitetə qəbul olmuşam, amma dörd il sonrakı nəticə və işə qəbulda yaşanan problemlər onu məyus edəcək”.
Günay Hüseynova universitetlərin əmək bazarının tələb etdiyi bilik və bacarıqları məzunlara verib-vermədiyini də sual edib:
“Bundan əlavə, bizim universitetlərimiz nə qədər, daha doğrusu, nə qədəri ixtisaslı kadr hazırlaya bilir? İşə qəbul elanlarına baxın, beynəlxalq sertifikatlar tələb olunur, müəyyən bilik və bacarıqlar tələb olunur. Bizim universitetlər bu bilik və bacarıqlarla, sertifikatlarla, məlumatlarla tələbəni təmin edə bilirmi, bu bilikləri öyrədə bilirmi? Təəssüf ki, heç biri yoxdur”.
Ekspertin sözlərinə görə, ali məktəbi yeni bitirən gənclərin qarşısında duran əsas problemlərdən biri də işə qəbul zamanı təcrübə tələbidir:
“Digər bir səbəb odur ki, işə qəbul prosesində təkcə diplom rol oynamır. Tələbədən təcrübə tələb olunur. Universitetə 17-18 yaşında qəbul olan şəxs 22 yaşında məzun olur. 22 yaşında universiteti yeni bitirən gənc təcrübəni harada əldə edə bilər ki? Axı işə qəbul zamanı ən azı bir-iki il təcrübə tələb olunur”.
İqtisadçı hesab edir ki, qeyd olunan problemlər həll edilmədiyi halda ali təhsilli işsizlərin sayı arta bilər:
“Bu problemlər aradan qaldırılmadıqca ali təhsilli işsizlərin sayı gündən-günə artacaq və yaxud da həmin şəxs mütəxəssisə çevrilsə belə, xarici ölkələrə üz tutacaqdır”.
Günay İlqarqızı
Şərhlər